Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti olub FOTO


Digərləri 27 Noy 2018 10:50:00 246 0

Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti olub  FOTO

Vyana Ştraus Festival Orkestri noyabrın 26-da Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib. Konsert orkestrin yaradıcısı və bədii rəhbəri Peter Qutun dirijorluğu ilə keçib.

Son.az xəbər verir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, P.Qut bu gözəl şəhərdə - Bakıda, Zaha Hadidin layihə müəllifi olduğu möhtəşəm memarlıq abidəsində artıq üçüncü dəfə çıxış etdiklərini və bundan çox məmnun olduqlarını bildirib: "Vyana musiqisini çoxları sevir. Bu qədər insanın bizi dinləməyə gəlməsindən çox xoşbəxtik".

Vyana Ştraus Festival Orkestri 2014 və 2016-cı illərdə də Heydər Əliyev Mərkəzində çıxış edib. Orkestrin budəfəki konserti də anşlaqla keçib.

Bayram ovqatlı konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, "valsın kralı" İohan Ştrausun, həmçinin digər klassiklərin - ata İohann Ştraus, Yulius Fuçik, Yozef Ştraus, Eduard Ştraus və Karl Mixael Tsirerin əsərləri təqdim olunub. P.Qut proqram boyu ifa etdikləri əsərlər və onların müəllifləri barədə məlumat verib. Tamaşaçılarla canlı ünsiyyət quran dirijor maraqlı improvizasiyalar edib, izləyiciləri konsertin fəal iştirakçısına çevirib. P.Qut dirijorluqla yanaşı, həm də skripkada ifa edib. Orkestrin hər çıxışı alqışlarla qarşılanıb.