Zərərçəkmiş: "Bağçaya işə düzəlmək üçün 1700 manat rüşvət vermişəm"


Kriminal 26 Noy 2018 20:36:00 364 0

Zərərçəkmiş: "Bağçaya işə düzəlmək üçün 1700 manat rüşvət vermişəm"

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və dələduzluqda təqsirləndirilən "Safay" uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən Samirə Məmmədova bildirib ki, təqsirləndirilən T.Bağırova ilə A.Əliyevaya işə düzəlmək üçün əvvəlcə 700 manat, T.Bağırovanın özünə isə ayrılıqda 1000 manat verib: "Altı ay çalışdım, amma əmək haqqımı vermədilər. Yalnız 300 manat pul ala bildim. Sonra digər maaşımı da istədim, lakin Aləmzər xanım üstümə qışqırdı".

Daha sonra şahid qismində dindirilən Müşviq Cavadov bildirib ki, həyat yoldaşını işə düzəltmək üçün T.Bağırova ilə A.Əliyevaya 2 min manat pul verib. T.Bağırova isə qeyd edib ki, şahid M.Cavadov A.Əliyevanın tanışı olub, pulu da ona verib: "Kimdən pul almışam, boynuma da alıram".

Məhkəmənin növbəti iclası dekabrın 3-nə təyin edilib.