Qızlar evdən niyə qaçır?


Digərləri 26 Noy 2018 19:04:00 323 0

Qızlar evdən niyə qaçır?

Son günlər tez-tez azyaşlıların, xüsusilə də qızların evdən qaçdıqlarına dair məlumatlar oxuyuruq. Aralarında isə yetkinlik yaşına çatmayanlar, 18 yaşı tamam olan uşaqlar və qızlar da var. Bu gün sığınacaqlara müraciət edən qızların sayı çoxdur. Böyük əksəriyyətinin bu addımı atmasına səbəb isə ailədaxili şiddət, məhdudiyyətlərin qoyulması, sərbəstliyin olmamasıdır.

Bəs görəsən, sərbəstlik yoxdursa, uşaqlar bu cür addım atmağa necə cəsarət edə bilirlər? Və ya əksinə, onları buna sövq edən əsas səbəblər hansılardır? Valideyn-övlad münasibətləri hansı səviyyədə qorunmalıdır ki, bu, uşaqlarda psixoloji problemlərə çevrilməsin, onları evdən qaçaraq "sərbəstlik" axtarışına sövq etməsin?

Son.az bildirir ki, bu barədə oxu.az-a açıqlama verən psixoloq Təranə Kazımlı deyir ki, buna əsas səbəb ailələrdə düzgün tərbiyə metodunun olmamasıdır:

"Bu gün bizə müraciət edən şəxslərin çoxunda təsbit etdiyimiz səbəb budur. Biz hər zaman valideynlərə deyirik ki, övladlarınızı öz dövrünüzdə olduğu kimi, sizə verilən tərbiyə üsulları ilə yetişdirməyə çalışmayın. Müasir dövrün uşaqlarını onların dövrünə uyğun şəkildə yetişdirmək, tərbiyə etmək lazımdır.

Uşaqların yaşı neçə olur-olsun, bu məsələnin kökü ailəyə dayanır. Necə ki uşaqların uğuru, nailiyyətləri valideynlərin zəhməti hesab edilir, eləcə də, uşaqların bu kimi səhvlərə yol verməsi də bir növ valideynlərin məğlubiyyətidir. Övladlarına düzgün istiqamətdən yanaşmamasıdır. Ailələrin reabilitasiyasına ciddi ehtiyac var.

Təbii ki, biz bu barədə ailələrə deyəndə, heç kim öz səhvini qəbul etmək istəmir. Amma bizə müraciət edərək, övladlarının gələcəyini düşünən valideynlər də az deyil. Onlar bu səhvlərin fərqinə varır və onları aradan qaldırmaq üçün psixoloq köməyi alırlar. Demokratik ölkədə yaşasaq da, ailələrimiz demokratik deyil. Bu məsələni Avropa, Rusiya, Amerika ilə müqayisə etməyə dəyməz. Çünki onlar uşaqlarına hələ 5-10 yaşlarından məsuliyyət yükləyirlər.

Məktəb çantalarını özləri daşıyır, yıxılanda heç kim qaçıb onları qaldırmır və s. Belə-belə uşaqlar öz məsuliyyətlərini dərk etməyə başlayırlar. Sərbəst həyat bu deməkdir. Çünki onların valideynləri də sərbəst böyüdülüb. Amma biz bu sərbəstliyi vermirik. Bizdə hər şeyə evdə valideyn qərar verir, məktəbdə müəllim. Bu isə uşaqları sıxır, onları qəti şəkildə düzgün olmayan "çıxış yolları" axtarmağa sövq edir".


Xəbərə aid foto