"Nəyə görə "şadlıq sarayı" yox, "palas", "Uşaq dükanı" yox, "Baby shop"?"


Digərləri 26 Noy 2018 16:22:00 298 0

"Nəyə görə "şadlıq sarayı" yox, "palas", "Uşaq dükanı" yox, "Baby shop"?"

"Artıq dilimizin qorunması sahəsində radikal addımlar atılmalı, yeni yaradılacaq Monitorinq Mərkəzinə inzibati cərimələr tətbiq etmək səlahiyyəti verilməlidir".

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli deyib.

Alimin sözlərinə görə, bu gün respublikamızın ərazisində fəaliyyət göstərən şadlıq saraylarının əksəriyyətinin adında "palas" sözü işlədilir:

"Nəyə görə "şadlıq sarayı" yox, məhz "palas" işlədilməlidir? Artıq rayonlarda da şadlıq saraylarının adlarını ingilis dilindən gələn "palas" sözü bəzəyir. Belə adlar yüzlərlədir. Nəyə görə "Uşaq dükanı" yox, "Baby shop", "Gözəllik salonu" yox, "Beauty salon", "Uşaq oyuncaqları" yox, "Baby toys", "Uşaq aləmi" yerinə "Kids world" yazılmalıdır? Ana dilində ifadə və sözlərin yerinə ya türk, ya ingilis, ya da rus dilinə məxsus sözlərin işlədilməsi heç də müasirlik deyil".

B.Məhərrəmli qeyd edib ki, bu gün Bakı şəhərinin istənilən küçəsində Azərbaycan dilinin normalarının pozulmasını çox asanlıqla müşahidə etmək olar. Dövlət Reklam Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti bu məsələlərə diqqətli yanaşmalıdır.