Ekspert: "Avropa İttifaqının Mərkəzi Asiya üzrə yeni strategiyasının taleyi Azərbaycandan asılıdır"


Siyasət 26 Noy 2018 14:21:00 280 0

Ekspert: "Avropa İttifaqının Mərkəzi Asiya üzrə yeni strategiyasının taleyi Azərbaycandan asılıdır"

Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya ölkələri üzrə yeni strategiyasının gündəmin ən aktual mövzusuna çevrilməsinin həlledici təsir qüvvələrindən biri Azərbaycandır.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, Brüsseldə Aİ ilə Mərkəzi Asiya dövlətlərinin xarici işlər nazirlərinin görüşündə yeni strategiyanın hazırlanması üzrə razılıq əldə olunub:

"Strategiyanın çərçivəsi hələlik tam məlum olmasa da, söhbət Avrasiya müstəvisində geosiyasi vəziyyəti dəyişmək gücündə olan layihədən gedir. Avropa İttifaqı Mərkəzi Asiya dövlətləri üzrə yeni strategiyanın hazırlanmasını niyə məhz indi aktuallaşdırıb? Bunun Avropa üçün yeni ideya olduğunu sözsüz ki, iddia etmək doğru olmazdı. Avropa strateqlərinin bu böyük perspektiv imkanı hələ illər öncə görmədiklərini söyləmək sadəlövhlük olardı. Bu ideyanın məhz indi aktuallaşmasının çox ciddi səbəbləri var və bu səbəblər Azərbaycan diplomatiyasının illər boyu məqsədli və sistemli formada həyata keçirdiyi məlum enerji, nəqliyyat, logistika və tranzit infrastrukturlarının sayəsində yetişib. 2017-ci ilin oktyabrında Azərbaycanın böyük nəqliyyat layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi münasibətilə Avropa İttifaqının yaydığı bəyanatı xatırlamaq yerinə düşür. Aİ dəmir yolunun açılmasını Avropa İttifaqının Mərkəzi Asiyaya doğru genişlənmə strategiyasına uyğun hadisə kimi qiymətləndirmişdi. Azərbaycanın həyata keçirdiyi Cənub-Qərb, Şərq-Qərb, Şimal-Cənub, Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizlərini, Bakı-Tbilisi-Ceyhanı, eləcə də "Bir kəmər - bir yol" iqtisadi strategiyasını bura əlavə etmək lazımdir".

A.Quliyev qeyd edib ki, müəyyən güclərdə fəaliyyət göstərən bu layihələr Avropanın və Mərkəzi Asiyanın böyuk potensiallarının birləşdirilməsində müstəsna həlledici təsirə malikdir:

"Bu layihələrin hələ mövcud olmadığı ötən əsrin sonlarına qədər kimsə Avropanın Mərkəzi Asiya üzrə hansısa strategiyasından ümumiyyətlə danışa bilməzdi. Bu, mümkün də deyildi. Avropa İttifaqının Mərkəzi Asiya üzrə sözügedən yeni strategiyası iqtisadi, nəqliyyat, ticarət, investisiya, dayanıqlı iqtisadi inkişaf, insan kapitalının artırılması, sərhədlərə nəzarət və sair kimi fundamental sferaları əhatə edəcək. Bu məsələlərin hər birində Avropanın iqtisadi, siyasi, təhlükəsizlik və genişlənmə maraqlarının olması şübhəsizdir. Bunlar eyni zamanda Mərkəzi Asiyadan Avropaya qədər yüz milyonlarla insanın rifahı, təhlükəsizliyi və yeni iş yerləri deməkdir. Bu mənada Avropanın Mərkəzi Asiya üzrə yeni strategiyasını həm də qlobal strateji layihə hesab etmək lazımdır. Bu qlobal plan Azərbaycanın Avrasiyanın enerji-nəqliyyat xəritəsini dəyişən layihələri hesabına böyuk reallaşma imkanları əldə edir. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu istiqamətdə Azərbaycanın hələ heç də bütün potensialları üzə çıxarılmayıb. Həm də bu, Azərbaycanın özündən yox, məhz avropalı partnyorlarından asılıdır".

Baş redaktor əlavə edib ki, Azərbaycanın tez-tez hədəf olduğu ikili standartlar siyasəti, məruz qaldığı erməni təcavüzünün hələ də cilovlanmaması onun potensiallarının tam üzə çıxarılmasına ən böyuk maneələrdir: "Bu maneələrin aradan qaldırılmasında Avropa həlledici rol oynaya bilər və ağıllı strateqlər Avropadan gözləyir ki, bir ovuc kriminal-lobbiçi erməni çevrəsinin təsir dairəsindən çıxaraq daha strateji hədəflər naminə siyasət aparsın".

O vurğulayıb ki, Avropanın Mərkəzi Asiya üzrə yeni strategiyası məhz Azərbaycan diplomatiyasının çoxillik səyləri sayəsində gerçəkləşmə imkanları tapıb: "Məhz Azərbaycanın tam işlək potensialları hesabına da onu reallaşdıra bilər. Ancaq əvvəlcə Azərbaycana və onun əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə Avropanın münasibəti məlum nöqtələrdə dəyişməlidir. Avropa İttifaqının Mərkəzi Asiya üzrə yeni strategiyasının taleyi Azərbaycandan asılıdır".