DİNdən polisin baltalanması xəbəri ilə bağlı


Digərləri 26 Noy 2018 13:57:00 262 0

DİNdən polisin baltalanması xəbəri ilə bağlı

Daxili İşlər Nazirliyi (DİN) Biləsuvarda polisin əməliyyat zamanı baltalanması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Son.az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə report-un sorğusuna cavabında bildirib ki, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində polis əməkdaşları heç bir əməliyyat tədbiri keçirməyiblər: "Sadəcə, rayon məhkəməsindən daxil olmuş qərardadın icrası ilə əlaqədar polis əməkdaşları noyabrın 23-də, səhər 10 radələrində həmin kənd sakini Rauf Şahbazovun yaşadığı evin qarşısına gəliblər. Polis həyətə daxil olmaq istəyərkən Rauf Şahbazov və qardaşı Rəşad onlara balta ilə müqavimət göstəriblər. Əməkdaşların peşəkarlığı və ayıq-sayıqlığı nəticəsində Rauf Şahbazov və qardaşı zərərsizləşdirilib. Bu zaman asayiş keşikçilərindən biri yüngül xəsarət alıb. Həmin əməkdaş xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb".

O.Mansurzadə, həmçinin qeyd edib ki, Rauf və Rəşad Şahbazov qardaşları polis tərəfindən saxlanılıb, onlardan 2 ədəd balta maddi sübut kimi götürülüb.