İslam dünyasının böyük dühası


Digərləri 25 Noy 2018 20:50:00 247 0

İslam dünyasının böyük dühası

Avropada Avitsenna adı ilə tanınan böyük alim, həkim, şair, filosof, psixoloq metafizik Əbu Əli Hüseyn ibn Abdullah miladi 980-ci ildə (hicri 370) Buxara yaxınlığındakı Afşana kəndində anadan olub. İstedadı lap uşaqlıqdan üzə çıxıb. O, 10 yaşında Quranı əzbər bilib, (yeri gəlmişkən, hafizlər Quranı bütövlüklə hifz etmək üçün uzun illər sərf edirlər), 12 yaşında şəriət (müsəlman qanunşünaslığı) üzrə müxtəlif məsləhətlər verib. 16 yaşında isə Buxara  əmirinin şəxsi həkimi olub.

İbn Sina təkcə İslam aləmini deyil, dünya mədəniyyəti xəzinəsini zənginləşdirən bir irs qoyub. O, taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, meningit, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz fənər kimi işıq şüalandırır və bu şüalar obyektə dəyib qayıtması ilə insan görür.

O böyük şəxsiyyətin dövrümüzə qədər 250-ə yaxın əsəri gəlib çıxıb. Lakin onun 450-yə yaxın əsər yazdığı ehtimal olunur.

İbn Sina əsərləri fəlsəfə, tibb, riyaziyyat, astronomiya, mineralogiya, poeziya, musiqi və s.mövzuları əhatə edir.Onun  ən məşhur kitabı isə "Əl-Qanun fit-tibb" (Ttibbdə qanun) kitabıdır.  Bu kitab 40-dan artıq dildə tərcümə edilib. Beş cilddən ibarət olan bu kitabda farmakologiya haqqında əsas biliklər, ürəyin, qara ciyərin, beynin ətraflı təsviri verilir. Bundan başqa, taun və vəbanın fərqi verilir, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası haqda o vaxt üçün çox qiymətli bilgilər toplanıb. Qısa müddətdə "Qanun" bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunur. Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr olunan kitab Bibliya, ikincisi isə İbn Sinanın "Qanun" kitabı olub. Avropada beş əsrdən artıq tibbi bu kitabdan öyrəniblər. Yalnız 800 il keçəndən sonra fransız alimi Paster yoluxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında İbn Sinanın hipotezini sübut etməyə müyəssər olub.