Şəkidə Rasim Ocaqovun 85 illik yubileyinə həsr olunmuş film və foto müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib FOTO


Digərləri 25 Noy 2018 14:02:00 312 0

Şəkidə Rasim Ocaqovun 85 illik yubileyinə həsr olunmuş film və foto müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib  FOTO

Azərbaycanda görkəmli rejissor və operator, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, "Şöhrət" ordenli, Xalq artisti Rasim Ocaqovun (1933 -2006) 85 illik yubileyi geniş şəkildə qeyd olunur.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, Rasim Ocaqovun doğma şəhəri Şəkidə "Marxal Hotel"də onun 85 illik yubileyinə həsr olunmuş "ŞƏKİ, MƏN SƏNİ SEVİRƏM" qısametrajlı bədii və sənədli filmlər, eləcə də foto müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Rasim Ocaqovun ailə üzvləri, görkəmli ictimai, incəsənət və elm xadimləri iştirak ediblər. Açılışda qonaqlara Rasim Ocaqovun şah əsərlərini yaratdığı çəkiliş meydançalarından fotoekspozisiya təqdim olundu. Onun operator işləri - "Onun böyük ürəyi", "Əsl dost", "Bizim küçə", "Sən niyə susursan?", "Bir cənub şəhərində", "Abşeron ritmləri", "Ən vacib müsahibə", "Skripkanın sərgüzəşti", "Ömrün ilk saatı" və rejissor işləri - "Qatır Məmməd", "Tütək səsi", "Ad günü", "İstintaq", "Bağlı qapı", "Park", "Özgə ömür", "Ölsəm... bağışla", "Təhminə", "Qətldən yeddi gün sonra", "Həm ziyarət, həm ticarət", "Otel otağı" vahid canlı orqanizm kimi ustadın xatirəsini yaşadır. Onun filmlərində təkcə məşhur azərbaycanlı aktyorlar yox, həm də Aleksandr Kalyagin, Yuri Yakovlev, Donatas Banionis, Mixay Volontir, Elina Bıstritskaya, Stanislav Sadalski, İrina Kupçenko, Rodion Naxapetov, Qalina Polskix, Viktor Proskurin, Qalina Belyayeva, Tatyana Lyutayeva və digər məşhur əcnəbi aktyorlar da çəkilib.

Səhnədə Rasim Ocaqovun kinokamerası, səsgücləndiricisi və rejissor kreslosu yer almışdı, qonaqlara "Rasim Ocaqov. Müsahibələr, xatirələr, resenziyalar, məqalələr" kitabı və "Kinorejissor Rasim Ocaqovun qızıl kolleksiyası" kinofilm albomu təqdim olundu. Tədbir boyunca süjet və materiallar, film və çəkiliş meydançalarından foto və video kadrlar, Rasim Ocaqovla müsahibə təqdim olundu.

Tədbirin aparıcısı, əməkdar artist Nərgiz Cəlilova qeyd etdi ki, Rasim Ocaqov Azərbaycan kino sənətinin klassiki və əfsanəvi fiqurudur:

"Onun filmləri milyonların ürəyini fəth edib, filmlərinin qəhrəmanları tamaşaçıların sevimlisinə çevrilib, rejissorun adı isə sonsuz istedadın, ustalığın, peşəkarlığın və kino sənətinə sədaqətin sinoniminə çevrilib. Rejissorun yaradıcılığı ilk növbədə onunla maraqlıdır ki, o, Azərbaycan kinematoqrafiyasına düşüncə azadlığı, yüksək bədii mədəniyyət, həyatın fəlsəfi qavrayışı və maraqlı dramaturgiya həlləri gətirib".

Ən əsası odur ki, o, doğma Şəkini sevirdi və həmişə deyirdi: "Əgər insan Şəkidə doğulubsa, onun bəxti gətirib. Xüsusilə də, əgər o, rejissordursa". Doğma diyara sevgi onun yaradıcılığında da özünü göstərib. Onun "Ad günü" (Azərbaycan Dövlət mükafatına layiq görülüb) və "Həm ziyarət, həm ticarət" filmlərinin qəhrəmanları Şəkidən idi. Şəkililərin Rasim Ocaqova sevgisi də qarşılıqlı idi, onlar bugünədək öz həmyerlilərini minnətdarlıqla xatırlayır, onu Şəkinin fəxri və rəmzi adlandırırlar.

Ailənin adından Altay Həsənov qonaqları salamladı və tədbirin təşkilinə görə minnətdarlığını bildirərək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədovanın, əməkdar incəsənət xadimi Cəmil Quliyevin, "Rasim Ocaqov. Müsahibələr, xatirələr, resenziyalar, məqalələr" kitabına görə əməkdar artist Bəhram Bağırzadənin, "Şəki, mən səni sevirəm" mükafatının müəllifi Emin Məmmədovun, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun, tədbirin və Rasim Ocaqov haqqında "Sonrakı ömür" filminin rejissoru Cavid İmamverdiyevin adını xüsusilə qeyd etdi.

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Rasim Ocaqovun 85 illiyinin onun doğma torpağında qeyd olunmasının region ictimaiyyəti üçün mühüm hadisə olduğunu qeyd etdi və buna görə Rasim Ocaqovun ailəsinə təşəkkürünü bildirdi:

"Rasim Ocaqovun yenilikçi üslubu və yüksək peşəkarlığı milli kinomuzu məşhurlaşdırıb və kino sənətinin qızıl fonduna daxil olub. Onun filmləri fəal vətəndaşlıq mövqeyini əks etdirir və müasirliyi ilə seçilir. Onun ölümü bizim hamımızı kədərləndirdi, KİV-lər "Kinomuzun döyünən ürəyi dayandı" yazdı. O, bütün qəlbi ilə Şəkiyə bağlı idi. Onun xatirəsi şəkililər üçün əzizdir. Onun evi üzərində xatirə lövhəsi asılıb, mərkəzi meydanların birndə barelyefi ucaldılıb və küçələrdən biri onun şərəfinə adlandırılıb. Sevindirici haldır ki, bu gün Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzinin təntənəli açılışı baş tutdu. Bu, gənclərin inkişafına öz töhfəsini verəcək. Rasim Ocaqovun işıqlı xatirəsi ürəklərimizdə yaşayacaq".

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova tədbirdə bildirdi ki, Rasim Ocaqovun filmlərində çəkildiyi və yüksək mükafatlara layiq görüldüyü üçün özünü xoşbəxt hiss edir. O, "Ad günü" və "İstintaq" filmlərinə görə, müvafiq olaraq Azərbaycan və SSRİ Dövlət mükafatlarına layiq görülüb:

"Milli kinematoqrafiyada ada var - Rasim Ocaqov kinosu. Biz bu film və qəhrəmanlarla birgə yaşamışıq və bu mənim həyat və yaradıcılığımın ən xoşbəxt günləri olub. Rasim Ocaqov layiqli və ədalətli həyat yaşayıb, dünya sərvəti onun üçün yad idi və yalnız kino onun əsas sərvəti idi. O, kinomuzun nəbzi, irəli aparan qüvvəsi, öz dövrünün siması olub. Rasim Ocaqov heç vaxt sönməyəcək yanan ocaqdır, çünki onun filmləri sevilir və seviləcək. Rasim Ocaqov hər zaman bizimlə olacaq!"

2017-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən kinematoqrafiya sahəsində təhsil alanlara təqdim edilən Rasim Ocaqov adına təqaüd təsis edilib. 2017-ci ildə təqaüdə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, birinci qrup əlil Masər Həsənov (Eldar Quliyevin emalatxanası), 2018-ci ildə həmin universitetin tələbəsi Rəhman Allahverdiyev (Vaqif Mustafayevin emalatxanası) layiq görülüb.

Daha sonra səhnəyə öz ilk baş rolunu 1977-ci ildə Rasim Ocaqovun "Ad günü" filmində oynadıqdan sonra milyonların sevimlisinə çevrilmiş aktyor, Xalq artisti Hacı İsmayılov dəvət olundu. O, daha sonra rejissorun daha dörd filmində - "Bağlı qapı", "Özgə həyat", "Ölsəm... bağışla", "Həm ziyarət, həm ticarət" filmlərində çəkilib. O, "Ad günü" və "Həm ziyarət, həm ticarət" filmlərində şəkili obrazını yaradıb. Aktyor səhnədə bu filmlərdən Şəki ləhcəsi ilə improvizə səhnəciklər nümayiş etdirdi və qonaqların alqışına səbəb oldu: