"Ən gözəl sərvətim övladlarımdır" Mənim balam FOTO


Digərləri 23 Noy 2018 22:53:00 346 0

"Ən gözəl sərvətim övladlarımdır"  Mənim balam  FOTO

Müşfiq Ələsgərli: "Tərbiyə zamanı köhnə standartlar işə yaramır, amma yenilikləri də elə tətbiq etməlisən ki, öz kimliyindən çıxmayasan" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Hər zaman övladlarıma demişəm ki, dövrün tələblərindən irəli gələn bütün şıltaqlıqlara dözərəm, yalnız təhsildə güzəştə getmərəm. Təhsildə güzəşt ola bilməz" - Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Mənim balam" rubrikası ilə bağlı qəzetimizə müsahibəsində qeyd etdi.

Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin üzvü olan müsahibimiz üç övlad sahibidir. O, övladlarının tərbiyə metodikasının sirlərini bizimlə bölüşdü. 

- Müşfiq müəllim, övladlarınızı dədə-baba üsulu, yoxsa öz metodunuzla tərbiyə edirsiniz?

- Təbii ki, dədə-baba qaydasına üstünlük verirəm. Tərbiyə elə bir şeydir ki, insanın qanına-canına hopur. Bizim dövrümüzdə tərbiyə üsulları çox sərt olub. Ədəb-ərkan qaydalarına daha çox diqqət yetirilib. Bu baxımdan, nə qədər yenilikçi olsaq da, canımıza hopmuş əvvəlki standartlardan tam kənarlaşa bilmərik. Nəsillər arasında tərbiyə fərqliliyi hər zaman olub. Heç zaman köhnə nəsil yenisini bəyənməyib. Hər dövrün öz xüsusiyyətləri var. İctimai münasibətlərdə, ədəb-ərkan məsələlərində, əlbəttə, yenilik olmalıdır. Bu, dünyanın inkişaf qanunauyğunluqlarından biridir. Amma indiki dövrün modernləşmə-yeniləşmə prosesində bir problem var. Əvvəllər baba ilə nəvə arasındakı baxış fərqi, tutaq ki, 15 faiz olurdu ki, bunu da həzm etmək mümkün olurdu. İndi isə dəyişikliklər o qədər sürətlə gedir ki, keyfiyyətcə yeni bir insan tipi meydana gəlir və bu tiplər də insanları narahat edir. Misal üçün, babam başına börk qoyardı. Ancaq atam "norka" papaq geyərdi. İndiki nəsil isə, tutaq ki, papağı, ümumiyyətlə inkar edir. Bir də görürsən ki, baş örtüyü olmadan, qışın ortasında "dizi cırıq şalvarlar"da çıxıblar küçəyə...

- Hər zaman köhnə və yeni baxış söhbətləri olub, olacaq da...

- Əlbəttə, elədir. Amma baxır, köhnə dediyin nədir? Bizim elə adətlərimiz var ki, onun mövcudluğunun heç bir ziyanı yoxdur, əksinə, müsbət çalarlıdır. Köhnədən qalıb deyə, hər şeyi silib atmaq da olmaz. Bizim dövrümüzdə valideynə, ataya, ümumiyyətlə böyüklərə hörmət çox sərt tələb idi və bu hörməti göstərməyin formaları var idi. Məsələn, yaşadığımız evdə gün ərzində ata evə 10 dəfə də daxil olardısa, hər dəfə ayağa durardıq. İndikilərdən tələb etmək olmaz ki, sən 10 dəfə ayağa durub otur. Formanı dəyişməklə, məzmunu saxlamaq olar: axı böyüyə hörmət etməyin nə pis tərəfi var ki? İctimai nəqliyyatda yaşlı adam gəlirsə, ona yer verməyin nəyi pisdir ki?.. Burada cəmiyyətə ziyan verəcək heç bir şey yoxdur. Milli kimliyimizi ehtiva edən, cəmiyyət və özümüz üçün ziyansız olan adətləri qoruyub-saxlamalıyıq. Bu baxımdan, köhnə və indiki nəsil arasında ziddiyyət var. Bəzən insanları təəccübləndirən hallarla rastlaşıram. Bizim dövrümüzdə deyirdilər ki, böyüyün yanında gərək möhkəm danışmayasan, bu, eyib hesab olunurdu. Bu adət bizim canımıza-qanımıza hopub. Hərdən ictimai nəqliyyatdan  istifadə edirəm. Görürəm ki, gənclərin səsi hər tərəfi götürüb, qışqıra-qışqıra danışırlar, ədəbsiz sözlər işlədirlər, yersiz hərəkətlər edirlər. Nə böyük-kiçik bilirlər, nə ətrafdakılara hörmət qoyurlar. Açıq-aşkar nümayiş etdirirlər ki, ətrafdakıların mənə aidiyyəti yoxdur. Qulağında qulaqcıq, ağzında saqqız çeynəyərək yanındakı yaşlını heçə saymaq, bəyəm, modernləşməkdirmi? Ümumi davranış qaydası var ki, buna riayət olunmalıdır. Əgər cəmiyyətin içində yaşayırsansa, ona hörmətlə yanaşmaq lazımdır.

- Qeyd etdiniz ki, sizin dövrünüzdə sərt tərbiyə üsulları var idi. Bəs həmin üsulları övladlarınızın üzərində tətbiq edirsinizmi?

- Milli-mənəvi dəyərlərə çox bağlıyam. Özümü azərbaycanlı və azərbaycançılıq ideologiyasından kənarda təsəvvür edə bilmirəm. İşimlə əlaqədar dünyanın müxtəlif ölkələrində oluram: sıralarında inkişaf etmiş ölkələr də var, inkişafdan qalmış ölkələr də. Ən inkişaf etmiş ölkədə belə 4-5 gündən artıq qala bilmirəm. Bu, təkcə Azərbaycanın iqlimi ilə bağlı deyil, onun adət-ənənəsinə bağlıyam. Biz azərbaycanlılarda, mənsub olduğumuz türkdilli xalqlarda insanlığa və bəşəriyyətə sevgi var, hörmət var. Gündəlik həyatımızda, bəlkə də, bunun fərqinə varmırıq, amma kənarda olanda, belə isti münasibət üçün qəribsəyirsən. İstiqanlılığı, ədəb-ərkana bağlılığı övladlarıma da təlqin edirəm. Əlbəttə, indiki dövrün tərbiyə üsulları da fərqlidir, dövrə uyğun metodlar tapmalısan. Əvvəlki dövrün tərbiyə metodu imperativ idi: deyiləni etməliydin. İndi isə, necə deyərlər, interaktiv üsul seçmək lazım gəlir. Nisbətən gənc yaşlarımda tərbiyə vermək metodu baxımından müəyyən çətinliklər çəkirdim. Həmkarlarımla söhbətlərdə hiss edirdim ki, onlar da bu ağırlığı çəkirlər. Köhnə standartları tətbiq edə bilməzsən, bu, aydındır. Amma hansı yeniliklər tətbiq etməlisən, hansı yeniliklərə açıq olmalısan ki, öz kimliyindən çıxmayasan? Hətta uşaqlar bütün dediklərimi qəbul etsələr belə, mən özüm hiss edirdim ki, onları çətinliyə salıram. Çünki bir ailənin standartları ailədən kənarda keçmir, cəmiyyətə uyğunlaşmaq lazımdır. Onları tutub-saxlayanda hiss edirəm ki, cəmiyyətdən təcrid olunurlar. Onları proseslərin gedişatına, hadisələrin axarına da tam buraxa bilmərəm, belədə görürsən ki, nələrsə yolunda getmir. Ortaq bir yol seçmək lazımdır...

- Övladlarınıza zaman ayıra bilirsinizmi?

- Əlbəttə, mənim üç övladım var, sonuncu qızıma nəvəm də deyirəm. Çünki iki övladdan sonra onun dünyaya gəlməsində böyük fasilə yarandı. Böyük qızım 20 yaşındadır, balacanın isə 8 yaşı var. İndi başa düşmüşəm ki, babalar niyə nəvələrini çox istəyirlər. Onlarla daha çox vaxt keçirirsən və onun səmimiliyini görə bilirsən. İlk övladım dünyaya gələndə kirayədə qalırdıq. Kirayə pulu, gündəlik dolanışığı təmin etmək üçün çox işləyirdik, buna görə də övladlarımıza lazımı qədər zaman ayıra bilmirdik. Belə olanda uşağın fərqinə vara bilmirsən... İndi, şükürlər olsun ki, hər şey yoluna düşüb və mən onlara daha çox vaxt ayırıram. Ən azı, hər gün axşam, əgər səfərdə deyiləmsə, zamanında evə gəlirəm, vaxtımı onlarla keçirirəm, söhbətləşirik, dərdləşirik, məsləhətləşirik.

- Övladın tərbiyəsində onun çevrəsinin və böyüdüyü mühitin də böyük rolu var. Belə olan halda, siz övladlarınızın dost çevrəsinə nəzarət edə bilirsinizmi?


Xəbərə aid fotolar