Spirtli içki mikrobları öldürmürmüş, tam əksinə


Digərləri 23 Noy 2018 21:26:00 246 0

Spirtli içki mikrobları öldürmürmüş, tam əksinə

Havalar soyuduqca xəstəliklər də artır. İnsanlar daha çox viruslara yoluxurlar. Bu viruslar sırasında isə, birinci yerdə "qrip" kimi tanıdığımız zökəm xəstəliyi dayanır.

Xüsusilə qış aylarında zökəmə yoluxma halları geniş vüsət alır. Bəzi insanlar elə düşünürlər ki, qrip olmuş xəstə bir qədər spirtli içki, xüsusilə də araq içsə, tez sağalacaq.

Son.az bildirir ki, Sputnik Azərbaycan-ın əməkdaşı bu fikrin həqiqətə nə dərəcədə uyğun olduğunu mütəxəssislərdən soruşub.

Həkim Rasif Bağırov bildirib ki, spirt hansısa bir mikroorqanizmi öldürə bilər, ancaq bunun üçün spirti həmin mikroorqanizmin birbaşa üzərinə tökmək lazımdır: "İnsan isə, spirtli içki içməklə virusu bədənindən çıxara bilməz. Soyuqlamış xəstənin spirtli içki içməklə mikrobu bədəndə öldürə biləcəyini düşünməsi yanlış fikirdir".

"Çünki mikrob mədədə oturmur ki, spirtli içki ona təsir etsin. Mikrob yuxarı tənəffüs orqanlarında oturursa belə, yenə də spirtli içki ona təsir edə bilmir" - həkim bildirib.

"Həm də araq 40 dərəcədə olur, amma spirt mikroorqanizmlərə 70 dərəcədən yuxarı olanda təsir edir. 70 dərəcəni içmək isə kömək etməz, əksinə ziyanlı olar. Və ya bədəndə mikrob dəymiş hansısa yara ola bilər və spirt yaranı daha da açar, zədələyər. Nəticədə də mikrob yayılar. Axı arağın dezinfeksiyaedici xüsusiyyəti yoxdur" - deyə R.Bağırov əlavə edib.