Azərbaycan dili ilə bağlı konfrans keçirilib (FOTO)


Digərləri 23 Noy 2018 19:43:00 270 0

Azərbaycan dili ilə bağlı konfrans keçirilib (FOTO)

Azərbaycan dilinin tədqiqi və tədrisi ilə bağlı alimlərlə müəllimlərin birgə konfransı keçirilib

Bakı. Azərbaycan dilinin tədqiqi və tədrisi ilə bağlı alimlərlə müəllimlərin birgə konfransı keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərman imzalayıb. Bilik Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı məsələlərə həsr olunmuş “Azərbaycan dilinin tədqiqi və tədrisi: problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən konfransda Təhsil Nazirliyi, Təhsil İnstitutunun nümayəndələri, AMEA-nın alimləri, paytaxtda və bölgələrdə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu açılış nitqində Bilik Fondunun təşəbbüsü ilə dilçilik üzrə tədqiqatçı alimlərlə dili tədris edən müəllimlərin görüşünü mühüm hadisə kimi dəyərləndirərək, hər bir xalqın mənəviyyatı və milli dəyərlərinin onun ana dilində yaşadığını deyib. Ulu öndər Heydər Əliyevin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlamını xatırladan akademik Azərbaycan dilinin zənginliyi, ahəngdarlığı, tarixiliyi, cazibədarlığı, işlənmə xüsusiyyətləri ilə başqa dillərdən seçildiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev AMEA-nın 70 illik yubiley mərasimindəki çıxışında “Dilimiz o qədər zəngindir ki, əcnəbi sözlərə ehtiyac yoxdur” fkrini səsləndirməklə dil adlı dəyəri qorumağın vacibliyini bir daha diqqətə çatdırıb, “İşığına toplaşdığımız Fərmandan irəli gələn vəzifələr bunun bariz nümunəsidir” – deyə qeyd edib. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov alimlərlə müəllimlərin qatıldıqları konfransda səmərəli müzakirələr aparılacağına əminliyini ifadə edərək, rəhbərlik etdiyi qurumun dilimizin qorunması və təbliği istiqamətində gördüyü işlərdən söz açıb. “Azərbaycan dilini öyrənirik”, “Yazmağı bacaracaqsan”, “Gənclikdən soraq”, “Ekran və efirdə ədəbi dil normaları”, “Dilimiz sərvətimizdir” layihələrini xatırladan O.Səmədov qeyd edib ki, onların icrası çərçivəsində paytaxtın rus pravoslav kilsələrində, etnik qrupların yaşadıqları bölgələrdə rusdilli vətəndaşlar üçün ödənişsiz “Azərbaycan dili” kursları açılıb, məktəblilərə yazı vərdişləri aşılanıb, gənclərin mütaliəyə münasibəti öyrənilib, telelviziya və radio əməkdaşlarına ədəbi dil normalarına dair təlimlər keçirilib, alimlər respublika ərazisində mühazirələrə cəlb olunublar, müxtəlif formatlı tədbirlər baş tutub.