Azərbaycan Universitetində “Gender problemi və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib (FOTO)
Digərləri 23 Noy 2018 18:00:00 237 0
Konfrans materialları toplu şəklində çap olunaraq iştirakçılara təqdim olunub.
Bakı.
Azərbaycan Universitetində “Gender problemi və müasir Azərbaycan” mövzusunda II Respublika elmi konfransı keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.
Əvvəlcə konfrans iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə gül qoyulub, xatirəsi ehtiramla yad edilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Universitetin rektoru Səadət Əliyeva tədbirin açılış mərasimində salamlama nitqi ilə çıxış edərək qeyd edib ki, Azərbaycan Universiteti mövzunun aktuallığı, elmi - praktiki əhəmiyyəti, göstərilən maraq və iştirakçıların təkliflərini nəzərə alaraq ikinci dəfədir ki, eyni adlı konfransa ev sahibliyi edir. Konfrans artıq ənənəviləşib və gələcəkdə beynəlxalq statusda keçirilməsi də planlaşdırılır.
Rektor bildirib ki, gender problemi və gender bərabərliyinin təmin olunması tarixən bəşəriyyətin diqqət mərkəzində olan aktual problemlər sırasındadır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərindən biri də məhz gender bərabərliyinə nail olunmasıdır. Burada qeyd olunur ki, gender bərabərliyi yalnız təməl insan hüquqlarından biri deyil, həm də sülhün hökmranlıq etdiyi, çiçəklənən və dayanıqlı dünya üçün zəruri şərtlərdən biridir.
Səadət Əliyeva çıxışında vurğuayıb ki, qadın hüquqlarının qorunması Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətlidir. Bu gün ictimai həyatın hər sahəsində Azərbaycan qadınının fəallığını görmək mümkündür. Təsadüfi deyil ki, qadın hüquqlarının təmin edilməsi, onların mənəvi - intellektual inkişafı, cəmiyyətimizin həyatında iştirakı ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinin əsas komponetlərindən biri olub. Bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Birinci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətdəki rolunun bariz nümunəsidir. Qeyd olunan məsələlər bir daha Azərbaycanda genderlə əlaqədar keçirilən tədbirlərin, eləcə də konfransımızın cəmiyyətimiz üçün aktuallığını göstərir.
Rektor konfransda aparılacaq müzakirələrin dövlətimiz tərəfindən bu istiqamətdə aparılan siyasətə öz töhfəsini verəcəyinə əminliyini də ifadə edib. Səadət Əliyeva deyib: “İnanırıq ki, bu konfransda müzakirə olunan məsələlər gender sahəsində çalışan alimlərimiz, gənc tədqiqatçılarımız üçün əvəzsiz elmi material olacaq, Azərbaycanda gender probleminin həlli üçün görülən işlərə öz töhfəsini verəcəkdir”.
Millət vəkili Qənirə Paşayeva çıxışında qeyd edib ki, gender bərabərliyinin təmin olunması, qadınların cəmiyyət həyatının bütün sahələrində rolunun artırılması Azərbaycan dövlətinin öncəlikləri sırasındadır. Bu istiqamətdə həyata keçirilən proqramların, görülən səmərəli işlərin nəticəsidir ki, Azərbaycan cəmiyyətində rol model qadınları sayı durmadan artır. Millət vəkili çıxışında həllini gözləyən problemlər haqqında da məlumat verib və cəmiyyətin üzərinə düşən vəzifələrdən danışıb.
Mənbə: az.trend.az