"Dorenko tabloda Paşinyanı təsvir edib"


Siyasət 23 Noy 2018 12:22:00 222 0

"Dorenko tabloda Paşinyanı təsvir edib"

Məşhur rusiyalı jurnalist, "Qovorit Moskva" radiostansiyasının baş redaktoru Sergey Dorenko ilə Ermənistanın Rusiyadakı səfirliyi arasında gərgin mükalimə davam edir. Ermənistanın səfirliyi jurnalisti ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyan haqqında "heç bir əxlaq çərçivəsinə sığmayan" ifadələr işlətməkdə ittiham edib və S.Dorenkonun "Paşinyan siyasət sahəsində seçim edə bilmədiyi kimi, cinsi azlıqlara münasibətdə də mövqeyini müəyyən edə bilməyib" sözlərini bütün erməni xalqına qarşı təhqir kimi qiymətləndirib. Səfirlik, həmçinin jurnalistin Paşinyanı cinsi azlıqların Yerevanda keçirilən forumuna müsbət yanaşmaqda ittiham etməsini də "erməni liderin imicinə vurulan ciddi zərbə" kimi qiymətləndirib. S.Dorenko səfirliyin bəyanatına cavabında bildirib ki, onun erməni xalqını təhqir etmək niyyəti olmayıb və söz azadlığı çərçivəsində N.Paşinyan haqqında düşüncələrini dilə gətirib.

Son.az bildirir ki, tanınmış rusiyalı jurnalistin Paşinyanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən millət vəkili Zahid Oruc "Sherg.az"a söyləyib ki, S.Dorenko iddialarında tamamilə haqlıdır :

"Rusiya informasiya məkanında N.Paşinyanla bağlı yaranan vəziyyət qətiyyən həmin ölkənin dövləti maraqları ilə bağlı deyil. Bir çoxlarına elə gəlir ki, hazırda İrəvanda baş qaldıran məlum inqilabi proseslər Kremlin İrəvana zərbəsidir. Və ya Moskvanın əmri, tapşırıqları var ki, Rusiyanın bütün media məkanı N.Paşinyanın əlayhinə təşkilatlansın və onu hər addımında "vursun". Bu yanaşmanın yanlış olduğunu düşünürəm. Bu mənada hesab edirəm ki, S.Dorenkonun açıqlamasını bir jurnalistin həqiqətləri görərək müstəqil şəkildə dilə gətirməsi kimi dəyərləndirməliyik. S.Dorenko yetirincə müstəqil bir jurnalistdir və böyük nüfuza malikdir. 

S.Dorenkonu idarə etmək elə də asan iş deyil. Belə olan halda Dorenkonun Kremlin tapşırığı ilə Paşinyanı vurması düzgün yanaşma sayıla bilməz. Ermənistanın Rusiyadakı səfirliyinin əl-ayağa düşərək problemdən çıxış yolu üçün irəli sürdüyü arqumentlər doğrudan da çox kəsərsizdir. Bu hal sübut edir ki, o adamlar yenə də Sarkisyan dövrünün qaydaları ilə işləyirlər. Baxın, Dorenko hər hansı bir müstəqil fikir yürütmək üçün mütləq Ermənistanın Rusiyadakı səfirliyindən icazəmi almalıdır ? Bu qətiyyən belə olmalı deyil. Burada ən başlıca məsələ odur ki, Dorenko tabloda Paşinyanı təsvir edib. Həqiqətən də siyasətdə formalaşma, dövlət idarəçisinə çevrilmə mühüm bir missiyadır. "Facebook" səhifəsi arxasından bəyanat vermək hələ idarəçilik demək deyil. Paşinyanın küçə demokratiyasının nə ilə bitəcəyini görəcəyik".

S.Dorenkonun Paşinyanı cinsi azlıqların İrəvanda keçirilən forumuna müsbət yanaşmaqda ittiham etməsinə gəlincə, Z.Oruc qeyd edib ki, bu cinsi azlıqlar məsələsinə Avropada münasibət başqadır. Postsovet məkanında isə buna fərqli münasibət sərgilənir: 

"Paşinyan regional və beynəlxlaq aləmdə nüfuzlu lider kimi qəbul olunurmu? Xeyr. Mixail Saakaşviliyə münasibət bəllidir. Adam Gürcüstanda keçmiş sovet sistemini darmadağın edib, onun üzərində demokratiyanın təməllərini yaradıb. Bu mənada dünya M.Saakaşvilini demokratik bir şəxsiyyət kimi tanıyır. Paşinyan haqqında bu sözləri söyləmək mümkündürmü? Əlbəttə, yox. Bu gün S.Dorenkonun söylədikləri ilə Ermənistanın ucaqar bir kəndində sosial çətinliklər məngənəsində sıxılan bir vətəndaşının fikirləri bir-birinə çox yaxındır. Belə olan təqdirdə biz yekun bir qənaətə gələ bilərik ki, işğöalçı ölkədəki bu acınacaqlı vəziyyəti görəb, dilə gətirən S.Dorenko və başqa jurnalistlər haqlıdırlar".