SOCAR İstanbulun yeni hava limanında 9 yanacaqdoldurma stansiyası açacaq


Digərləri 23 Noy 2018 11:26:00 238 0

SOCAR İstanbulun yeni hava limanında 9 yanacaqdoldurma stansiyası açacaq

Türkiyənin ən böyük xarici investoru olan SOCAR, tikintisi başa çatdıqdan sonra dünyanın ən böyük hava limanı olacaq İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderi qazanıb.

Bakı. “SOCAR Türkiyə” oktyabrın 29-da təntənəli şəkildə ilk mərhələsi açılan İstanbul hava limanında 9 yanacaqdoldurma stansiyası üzrə keçirilən tenderi qazanıb. SOCAR-dan Trend-ə verilən məlumata görə, hava limanı ərazisində, o cümlədən perronda (təyyarələrin dayanacaq meydançasında) yerləşən yeni stansiyalar ümumi istehlakçıları və xidmət avtomobillərini yanacaqla təmin edəcək. Beləliklə, bu stansiyaların operatoru seçilmiş SOCAR, dünyanın illik potensialı 200 milyon sərnişin olan ən böyük hava limanında istehlakçılara xidmət edəcək. “SOCAR Türkiyə” şirkətinin idarə heyətinin sədri Vaqif Əliyev Türkiyədə ilk dəfə birbaşa istehlakçıya xidmət sektorunda iştirak edəcəklərini söyləyib: “2008-ci ildə “Petkim”in satın alınması ilə Türkiyə bazarına daxil olduq və bu günə kimi cəmi 14.2 milyard dollarlıq investisiya dəyəri ilə STAR neft emalı zavodu, TANAP, Petlim Konteyner Terminalı, Petkim külək enerjisi stansiyası kimi nəhəng layihələrə imza atdıq. Bu yaxınlarda isə “SOCAR Türkiyə”nin Əliağadakı (İzmir) bütün layihələrini əhatə edən ərazi Türkiyədə ilk Özəl Sənaye Bölgəsi elan edildi. Qardaş Türkiyə bizim üçün çox mühüm ölkədir. Dünyanın ən böyük hava limanındakı yanacaqdoldurma stansiyaları üçün elan olunan tenderdə qələbə çalmağımızı böyük sevinclə qeyd edirəm. Bu, bizim üçün həm brendimizin tanınması, həm də istehlakçılar ilə birbaşa ünsiyyət baxımından önəmli strateji addımdır. Şirkətimiz yanacaqdoldurma sektorunda hər zaman mövcud imkanları dəyərləndirir və bazardakı prosesləri yaxından izləyir. Deməli, önümüzdəki illərdə bu sektorda başqa investisiyalarımızın olacağı da istisna deyil”.