Rasim Ocaqov 85: Məşhur aktyorların və dostlarının maraqlı xatirələri FOTO


Kriminal 22 Noy 2018 17:02:00 444 0

Rasim Ocaqov  85: Məşhur aktyorların və dostlarının maraqlı xatirələri  FOTO

Mən hər mənada xoşbəxt insanam. Doğulduğum vaxt və yer baxımından da, kinoya gəlməyim, çəkdiyim kinolar, kimlərlə işləməyim baxımından da. Ailəmdə də xoşbəxtəm. Xoşbəxt insan olmaq həyatın fenomenal hadisəsidir. Rasim Ocaqov

Vaxt keçir, nəsillər bir-birini əvəzləyir, tamaşaçılar dəyişir, lakin görkəmli kinorejissor və operator, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun filmlərinə maraq azalmır. Noyabrın 22-si onun 85 yaşı tamam olacaqdı...

1933-cü il noyabrın 22-də Şəkidə doğulmuş R.Ocaqov məktəbi bitirdikdən sonra Moskvaya gedir və ölkənin ən elit ali məktəblərindən olan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu yüksək nəticələrlə başa vurur. Bakıya qayıtdıqdan sonra 1970-80-ci illərin Azərbaycan kinosunun inkişafına böyük töhfə verir. Onun filmləri ən nüfuzlu Azərbaycan, ümumittifaq və beynəlxalq mükafatları qazanır və ən əsası, onun filmləri növbəti onilliklər üçün Azərbaycan kinematoqrafiyasının simasını müəyyən edir. R.Ocaqovun filmləri olmadan həmin dövrün kinematoqrafiyası gövdəsiz budaqlar kimi, ümumi qayəsi olmayan ayrı-ayrı kinolentlərə parçalanır. Onunla işləyən və təkcə Azərbaycandan yox, Rusiya, Türkiyə, Gürcüstan, Moldova və digər ölkələrdən olan aktyorlar rejissorun tamaşaçı məhəbbəti qazanmış, kino sənətinin təkrarolunmaz səhifələrinə çevrilmiş filmlərində çəkilməkdən qürur duyduqlarını bildiriblər. O, dünya kino ənənələrindən məharətlə yararlanan kinematoqrafiya nümayəndələrindən olub. R.Ocaqovun filmlərinin üslubu digərlərindən fərqlənir: kadrın dəqiq kompozisiyası, dramatik epizodlarda görüntünün dəqiq qrafik cilalanması və lirik epizodlarda təsirli əlvan effektlər. Onun rejissorluq işində operator Ocaqovun yenilikləri ilə qanunauyğun əlaqə görünür.

R.Ocaqov eyni zamanda çox təvazökar insan olub və işləri ilə danışmağa üstünlük verib. Belə də olub: Ocaqov kinosu milli kinematoqrafiya tarixinin ən parlaq səhifələrindən biridir.

Trend oxucularına R.Ocaqovun dostlarının və aktyorların onun şəxsiyyətinin böyüklüyünü, peşəkar və ən əsası, insani keyfiyyətlərini göstərən maraqlı xatirələrini təqdim edir.

Aleksandr Kalyagin - Rasim Ocaqovun dörd filmində - "İstintaq", "Bağlı qapı", "Park", "Özgə ömür" filmlərində çəkilib. "İstintaq" filmindəki roluna görə 1981-ci ildə ilk dəfə SSRİ Dövlət mükafatına layiq görülüb:

"Mənim üçün Rasim Ocaqov çox dəyərli adam idi. Həyatda ən unudulmaz, xoşbəxt günlərim onunla işlədiyim anlardır. Ondan insana yalnız müsbət enerji gəlirdi. O, çox şən, yüksək istedada malik bir insan idi. Ən əsası isə onda Şərq müdrikliyi vardı. Onun sevgisinin sərhədi yox idi. Mən onun bir neçə filminə çəkilmişəm.

Filmlərdə onun düzlüyü, vətəndaş mövqeyi məni valeh edirdi. Heç yadımdan çıxmaz: "İstintaq" filmində çəkilərkən elə anlar olurdu ki, o, heç cür güzəştə getmirdi, heç yerdə yalan danışmırdı. O zaman etiraf etdim ki, əgər mənim həyatımda müstəntiq Qəniyev olmasaydı, hər şey dəhşətli olardı. Ona görə yox ki, bu rola görə SSRİ Dövlət mükafatı almışam, ona görə ki, bu rol mənə həm insan, həm də artist kimi çox şey verdi. Xüsusilə vurğulayım ki, rejissorlar müxtəlif olur, amma Rasim Ocaqov təkcə böyük ustad yox, həm də böyük insan olub. Mən onunla işləməkdən çox xoşbəxt idim".

Rodion Naxapetov - Rasim Ocaqovun "Bağlı qapı" filmində baş rolda çəkilib:

"Rasim Ocaqovun məni bu rola seçməsinin tarixçəsi var. Mənim kinoda imicim həmin rola qədər formalaşmışdı. Bu, film üçün vacib idi. Mən ideya daşıyıcısı idim - şər qarşısında uduzmaq hüququ olmayan xeyir. Amma bu, birinci örtükdür. Təbii ki, çəkilişlər zamanı biz daha dərinə nəzər salırdıq. Həmin vaxt rejissorluğa meyillənmişdim və Rasim Ocaqovun peşəkar addımlarını təhlil edirdim. Mənə ən xoş gələn onun xeyirxah mühit yaratmaq qabiliyyəti idi və bu, aktyora özünü göstərmək imkanı verirdi. Heç bir əmr, heç bir göstəriş yox idi. Qısa və anlaşılan izahlar verirdi. Hər şey sakit, təşvişsiz, əsəbsiz, ədəbazlıq olmadan gedirdi. Aktyor onun üçün çəkiliş yoldaşı deyil, sanki filmin həmqurucusu idi. Buna görə mən Rasim Ocaqova minnətdaram".

Yuri Yakovlev - Rasim Ocaqovun "Qətldən yeddi gün sonra" filmində iştirak edib.

"Mən aktyora hörmət edən, onun rola yanaşma tərzini anlayan rejissorlarla işləməyi xoşlayıram. Rasim Ocaqov da çəkildiyim "Qətldən yeddi gün sonra" filminin çəkiliş meydançasında belə idi. O elə bir mühit yaratmışdı ki, insanlar bir yerdə işləməkdən məmnunluq duyurdular. Bizdə qarşılıqlı hörmət hissi yaranmışdı.

Rasim Ocaqov öz əqidəsində azad olan insanlardan idi, heç bir partiya və ideoloji öhdəliyə tabe olmurdu. O, yalan danışmırdı, ikiüzlülük etmirdi və özünü xoşbəxt insan hesab edirdi".

David Uplisaşvili - "Ad günü" filmində baş rolu oynamış gürcü aktyor:

"Əli obrazına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşəm və buna görə çox minnətdaram. Əli obrazının uğurlu alınmasında mərhum kinorejissor Rasim Ocaqovun böyük rolu oldu. Əziz insan kimi onu hər zaman yad edirəm. O, mənə Əlinin xarakterini yaratmağa çox kömək etdi.

Filmdə Əlinin digər əsas qəhrəman Mustafa ilə ilk görüş səhnəsini lentə alırdıq. Bunun üçün bir binadakı mənzilə daxil olduq. Mən qrimdə idim. Mənzildə yaşayan şəxs mənimlə Azərbaycan dilində danışmağa başladı. Ona mənim gürcü olduğumu dedilər. O isə cavabında "Necə yəni gürcü? O, əsl azərbaycanlıdır!" deyə reaksiya verdi.

Əlinin balıq axtardığı bazar səhnəsi lentə alınarkən çəkiliş gizli aparılırdı. Satıcılar azərbaycanlı olduğumu zənn edib, mənimlə Azərbaycan dilində danışırdılar. Mən isə onlarla rusca söhbət edirdim. Yadımdadır ki, filmin son epizodu çəkilərkən Əli qarmon çalmalı idi. Mən də qarmon çalmağı bacarmırdım. Rasim Ocaqov Azərbaycanın tanınmış qarmon ifaçısını dəvət etdi. Onun adı təəssüf ki, yadımda qalmayıb. O, mənə 2-3 dəfə qarmonda ifa etməyi göstərdi. Mən onu diqqətlə müşahidə etdim. Çəkiliş meydançasında qarmonu mənə verdilər və üç dubla həmin epizod uğurla çəkildi.

Ümumiyyətlə, Rasim Ocaqov çəkiliş meydançasında elə mühit yaratmışdı ki, bütün komanda bir ailə kimi idi. Bütün yaradıcı heyət arasında çox mehriban və dost münasibətlər var idi. Heç bir ayrı-seçkiliyə yol verilmirdi. Ən əsası isə Bakıda yaxşı dostlar qazandım. Bakını öz doğma şəhərim kimi çox sevirəm".

Meral Konrat - "Təhminə" filmində baş rolun ifaçısı, türkiyəli ulduz:

"Mən Rasim Ocaqovu çox sevirdim, çünki qeyri-adi insan, möhtəşəm rejissor idi. Xoşbəxtəm ki, tale mənə bu cür insanla tanış olmaq şansı verdi. Azərbaycan bu cür şəxsiyyətlə qürur duymalıdır! O, bizə atalıq qayğısı ilə yanaşırdı. Onun filmlərinin birində çəkilmək mənim üçün böyük şərəfdir. Məni Azərbaycanda hələ də Təhminə kimi tanıyırlar, mən bundan çox məmnunam. Ömrüm boyu Rasim müəllimin ruhunun şad olması üçün dua edəcəyəm. Hesab edirəm ki, Rasim Ocaqov bir məktəbi ifadə edirdi və mən bu məktəbin layiqli şagirdiyəm".

Fəxrəddin Manafov - Rasim Ocaqovun "Qətldən yeddi gün sonra", "Park", "Təhminə", "Otel otağı", "Ölsəm, bağışla", "Özgə həyat" filmlərində çəkilib:

"Rasim Ocaqov çox xeyirxah, maraqlı insan idi. Onu qüsursuz zövq və kollektivə bağlılıq fərqləndirirdi. İlk baxışdan tərki-dünya təsiri bağışlasa da, çox həssas idi. Mən telefonu qaldıranda və onun "Necəsən, Fərhad?" sualını eşidəndə özümü xoşbəxt hiss edirdim. Rasim Ocaqovsuz, onun filmləri olmadan mən kino aktyoru kimi sözümü deyə bilməzdim. Əlbəttə, yaradıcılıq mübahisələrimiz də olurdu. Amma mən hər dəfə ona yaxınlaşər, qucaqlayıb öpürdüm.

Bir dəfə Rasim Ocaqovdan soruşmuşdular ki, kino sizin üçün nədir? O fikirləşib cavab vermişdi: taxikardiya, işemiya, infarkt. Onu hamı çox sevirdi və hörmət edirdi. Mən Tanrıya minnətdaram ki, Rasim Ocaqov kimi müəllimim olub".