Fantastik gələcəyin astanasında: Expressbankın ödəniş sistemləri mərkəzinin rəhbəri Teymur Ağakişiyevlə bank sahəsindəki yeniliklər barədə söhbət


Digərləri 22 Noy 2018 11:30:00 328 0

Fantastik gələcəyin astanasında: Expressbankın ödəniş sistemləri mərkəzinin rəhbəri Teymur Ağakişiyevlə bank sahəsindəki yeniliklər barədə söhbət

Teymur  Ağakişiyev - bank sahəsində 10 ildən artıq təcrübəsi olan və ödəniş sistemlərinin inkişafında iştirak edən bir insandır. Müsahibəmizi bu gün aktual olan Золотая Корона təcili pul köçürmələri sistemi ilə pulları plastik kartlara köçürmə mövzusundan başlayaraq, biz ümumilikdə bankların gələcəyi mövzusuna keçdik.

- "Золотая Корона" təcili pul köçürmələri sistemi ilə yeni layihənizdən danışın. Layihənin üstünlükləri nədir?

- Bank sahəsının bu günə olan yeniliklərini nəzərə alaraq, müştərilər daha çox onlayn xidmətlərdən istifadə etməyə üstünlük verirlər. İnternet bankçılıq, mobil əlavələrin populyarlığı artır. Buna görə, layihəmiz lap yerinə düşdü, çünki müştərilərə göndərilən pulları evdən çıxmayaraq, plastik kartlarına almaq imkanı verir. Üstəlik, hər hansısa bir banka bağlı olmursunuz - ölkənin istənilən bankının kartından istifadə etmək olar. Sadəcə pul alan müştərinin telefon nömrəsinə sms vasitəsilə gələn linkə keçid alıb, Золотая Корона mobil əlavəsini yükləyib, ad, soyad və ata adını əlavə etmək lazımdır. Sonra kart barədə məlumatlar əlavə olunur və bank tərəfindən zəruri yoxlanmalar aparıldıqdan sonra, pul kart hesabına oturulur. Adətən bütün proses 2 dəqiqə vaxt aparır. Bu yol ilə əməliyyat aparmaq sürətli, rahat və sadədir. Hazırlaşdığımız ikinci addım pul göndərişi olacaq - pulu evdən çıxmayaraq, filiala getməyərək, kart vasitəsilə göndərmək mümkün olacaq.

- Bəs belə köçürmə ilə kartdan karta köçürmənin fərqi nədir?

- Bizim ölkənin kartından başqa ölkənin kartına pul köçürmələrində bir sıra məhdudiyyətlər var, üstəlik komissiyalar çox yüksəkdir. Золотая Корона vasitəsi ilə bunu etmək daha sadə və qənaətlidir.

- Gələcəkdə başqa ödəniş sistemləri ilə də belə layihələr gözlənilirmi?

- Mütləq. Hələ ki ad çəkməyəcəyəm, lakin danışıqlar aparılır və belə layihələrin davamı gözlənilir. Ümumiyyətlə, gələcəyin pul köçürmələri belə olacaq.

- Pul köçürmələri əsasən bizim Rusiyada işləyən həmyerlilərimiz tərəfindən Azərbaycanda qalan ailə üzvlərinə, məsələn, regionlarda yaşayan valideynlərinə olunur. Sizcə, belə rəqəmsal həllər yaşlı əhali üçün nə qədər aktualdır?

- Tək regionlarda yox, hətta Bakıda da kartla və təmassız ödənişlərin inkişafı üzərində hələ çox iş görülməlidir. Gəlin qonşu Gürcüstana nəzər yetirək. Hal hazırda onlar dünyada təmassız ödənişlərin inkişafı üzrə liderdirlər. Buna necə nail olublar? Nəqliyyatda təmassız ödəniş tətbiq etdilər. Yəni,  hər nəqliyyat növündə ödənişi hər hansı bir plastik kartla etmək olar. Bu üslub Rusiyada da işlənir.  Beləcə, əhali kartla ödənişlərə tez öyrəşir. Vərdiş yaranır.

- 20 il bundan öncə plastik kartlar bizim üçün qeyri-adi bir şey idi, indi isə həyatımızı onlarsız təsəvvür edə bilmirik. Sizcə, plastik kartların gələcəyi necədir?

- Plastik kartların gələcəyi barədə danışmaqdan öncə, onların yaranma tarixinə nəzər salaq. İlk plastik kart - təxminən bu gün mövcud olduğu halda 1946-cı ildə yaranıb. İlk kredit kartı isə - 1951-ci ildə. Və bundan sonrakı 60 ildən artıq müddət ərzində kartlarda, demək olar ki, heç bir dəyişiklik müşahidə olunmayıb. İlk qlobal yenilik 2005-ci ildə, ilk təmassız ödəniş keçirilərkən baş verdi. Təxminən 2011-ci ildən isə kartlar onlayn sistemlərə qatıldılar. Amazon, Starbaks kimi nəhənglər, artıq öz ödəniş sistemlərini yaradırlar, Facebook, What's App kimi sosial şəbəkələr də eyni. Və bizim öyrəşdiyimiz görünüşdə olan kartlar 5-7 il ərzində keçmişdə qalacaqlar. Kart fiziki mövcud olmayacaq və onlayn vasitəyə çevriləcək. Buna hazır olmaq lazımdır. Bu yaxınlarda mənə bir əhvalat danışdılar - mağazaların birində, kassada ödəniş edərkən, cavan oğlan "saatla ödəniş edə bilərəm?" sualını verib və bununla kassada çalışan xanımı yaman təəcübləndirib. Söhbət isə Apple Pay sistemindən gedirmiş. Yaxşı ki, ölkəmizdə hökumət tərəfindən müasir ödəniş sistemlərinin tətbiqi və inkişafına güclü dəstək olunur, xüsusilə, Mərkəzi Bank və Maliyyə bazarına nəzarət palatası tərəfindən.   Buna görə, saat, smartfon, hətta qolbaq və üzüklər vasitəsilə ödənişlər artıq bizim gələcəyimiz yox, bu günümüzdür. Gələcəyimiz isə, biometrika ilə bağlı olacaq - barmaq izi, göz torunun əksi və ya səs ilə ödənişlər aparılacaq. Fantastik Hollivud filmlərində gördüklərimiz bizə düşündüyümüzdən daha yaxındır. Bir neçə il əvvəl adi planşeti ekranda görərkən, təəcüblənirdik, yadınızdadır? İndi isə hər evdə var.   Banklar bu gün ümumilikdə informasiya texnologiyalarının, pul köçürmələrinin və ödəniş sistemlərinin inkişafına daha çox diqqət yetirirlər, bu, gələcəyin tələbidir.