Azərbaycanda kimlərin kredit borcu silinə bilər?


Digərləri 22 Noy 2018 09:04:00 262 0

Azərbaycanda kimlərin kredit borcu silinə bilər?

Gürcüstan hökumətinin aztəminatlı əhalinin kredit borclarının ləğvinə dair qərarı Azərbaycan cəmiyyətində analoji problemin müzakirələrinin yenidən canlanmasına səbəb oldu. Həcmi 2 milyard manata yaxınlaşan problemli kreditlərin banklara, əhaliyə yaratdığı çətinliklər bir daha gündəmə gətirildi.

Son.az "Yeni Müsavat"a istinadən xəbər verir, eyni zamanda, məlum oldu ki, nəinki aldığı 2-3 min dollar (yaxud manat) krediti qaytarmaq imkanında olmayan aztəminatlı insanlarla yanaşı, yüz minlərlə dollar/manat kreditləri götürərək təyinatından yayındırıb mənimsəyən şəxslər də dövlətin hesabına borclarının bağlanmasını gözləyirlər. Məlum olduğu kimi, bu gün bankların əksəriyyəti üzrə yaranan problemli kreditlərin böyük hissəsi məhz bank inzibatçıları, müxtəlif məmurların yaxınları olan ikinci qrup şəxslərdədir.

Qeyd edək ki, Gürcüstanda adları kredit borcuna görə qara siyahıya salınmış 600 minədək aztəminatlı vətəndaşın 2 min lariyə qədər olan borcları silinir. Bəs Azərbaycanda hökumət problemli kreditlər məsələsinə əl qoyarsa, kimlərin borcları silinə bilər? 

Sualı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, hökumət belə bir qərar qəbul edərsə, çox ciddi araşdırmalar aparılmalıdır: "Bu qərar olacaqsa, ilk növbədə, kimin kreditlərinin silinəcəyi sualının real cavabı tapılmalıdır. Elə mexanizm seçilməlidir ki, vətəndaşların bərabərliyinə dair konstitusion hüququ pozulmamalı, eyni zamanda dövlət vəsaitləri hansısa formada kimlərinsə maraqlarına xidmət etməməlidir. Yəni çox ciddi və hərtərəfli dərinləşmiş təhlillərin, araşdırmaların aparılmasına ehtiyac var. İlk növbədə, problemlilər siyahısına düşmüş müştərilər üzrə müəyyən qiymətləndirmələrin aparılmasına başlamaq olar. Çünki artıq bu siyahıya düşmək həmin müştərilərin borclarını qaytara bilmədiklərini göstərir. Lakin burada da ciddi araşdırmaların aparılması zərurəti yaranır. Belə ki, mövcud vəziyyət göstərir ki, bir çoxları imkanları olsa da, ümumi mənzərə fonunda borclarını ödəməkdən imtina edirlər".