Azərbaycanda turizm polisinin yaradılması təklif edilir


Digərləri 22 Noy 2018 07:55:00 218 0

Azərbaycanda turizm polisinin yaradılması təklif edilir

Azərbaycan Turizm Assosiasiyası (AzTA) turizm polisinin yaradılmasını təklif edir.

Son.az bildirir ki, bu təşəbbüslə çıxış edən AzTA sədri Nahid Bağırov Trend-ə deyib ki, Azərbaycana qonşu olan Türkiyədə, eləcə də bir çox ölkələrdə turizm polisi fəaliyyət göstərir.

N.Bağırov hesab edir ki, turizm polisi turistlərlə bağlı problemləri aradan qaldıra bilər:

"Sosial şəbəkələrdə yazırlar ki, hansısa turist özünü yaxşı aparmır, yaxud hansısa turistin başına bir iş gəlir. Məncə, turizm polisi bunların hamısına nəzarət edə bilər. Hesab edirəm ki, dövlət tərəfindən bir mexanizm tətbiq olunsa, daha yaxşı olar".

Xatırladaq ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,5 faizi Rusiya, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2,0 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.