Almanlara dərs deyən azərbaycanlı müəllim Uğur hekayəsi FOTO


Digərləri 22 Noy 2018 03:30:00 273 0

Almanlara dərs deyən azərbaycanlı müəllim  Uğur hekayəsi  FOTO

Elxan Sadıqzadə: "Almaniyada bir işi görməzdən öncə iki dəfə düşünürəm, bir dəfə özüm üçün, bir dəfə Azərbaycanı təmsil edən Elxan üçün"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Zəhmətin bütün uğurların açarı olduğuna inanır. Deyir ki, hər bir nailiyyət böyük zəhmətin nəticəsidir. Əgər bir insan qarşısına məqsəd qoyub o yolla hərəkət edirsə, dünyanın hansı ölkəsində olursa olsun, uğur qazana biləcək. Ona görə, cəmiyyətə faydalı, ən əsası insani keyfiyyətləri yaxşı olan insan, uğurlu insandır.

Müsahibimiz Almaniyanın Bohum şəhərindəki Ruhr Universitetinin dosenti, İqtisadi İnkişaf və Siyasət İnstitutunun baş elmi işçisi, İngiltərənin Kambridg Universitetində təhlükəsizlik iqtisadiyyatı qrupunun rəhbəri, Cənubi Afrikanın Cape-Tovn şəhərindəki Cape Universitetinin qonaq dosenti Elxan Sadıqzadədir. Həmsöhbətimiz həm də çoxsaylı elmi konfransların əsas iştirakçısı, tanınmış elmi jurnallarda çap olunmuş məqalələrin müəllifidir. Bakıdakı Avropa Liseyini bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olub. 3-cü kursdan Almaniyanın təqaüdü ilə oranın ən böyük universitetlərindən biri olan Ruhrda təhsil alıb. Almaniyada bir il oxuduqdan sonra Bakıya qayıdıb və İqtisad Universitetini qırmızı diplomla bitirib. Yenidən Almaniyaya gedib və ixtisası üzrə tam təhsil alıb. 2008-ci ildən etibarən doktoranturada oxumağa başlayıb və ən yüksək göstərici ilə bitirib: "Bu, çox nadir hallarda olur. Almaniyada doktoranturanı yüksək göstərici ilə bitirənlər olur, amma ən yüksək göstərici nadir hallarda olur. Bu, bizim qızıl medala uyğun nəticədir. 2011-ci ildən Almaniyanın İqtisadi İnkişaf İnstitutunda dərs deməyə başladım. Universitetdə sosial elmlərdə empirik metodlar, iqtisadi inkişaf siyasəti, artım və inkişaf iqtisadiyyatı, statistik məlumat bazalarının toplanması fənlərindən dərs deyirəm. Artıq 7 ildir ki, orada müəllim kimi fəaliyyət göstərirəm".    - Elxan bəy, Almaniyada universitet vaxtı aldığınız bir illik təhsil həyatınızı dəyişib. Bu, necə baş verdi?

- Düzünü desəm, xaricdə oxumaq məqsədim yox idi. Bakıda kifayət qədər yaxşı təhsil almaq imkanlarım olub. Əldə etdiyim bütün nəticələr Bakıda İqtisad Universitetində başladığım yolun nəticəsidir. İqtisadi nəzəriyyə müəllimim Asiman Quliyev həyatımda böyük rol oynayıb. Mənə iqtisad elminə sevgini aşılayıb. Məhz bu sevgiyə görə, vaxtımı iqtisadiyyata həsr etdim. Bakıda təhsil alanda düşünürdüm ki, xarici təcrübə daha da yaxşı ola bilər. Yeni bir mədəniyyət, yeni insanlar dünyagörüşünə təsir edir, dəyişir. Təqaüdə baş vurdum və qazandım. Amma bu o demək deyil ki, bizim təhsil müəssisələri rəqabətə davamlı deyil. Oxumaq, təhsil almaq istəyən insan hər yerdə alır. Məsələn, Almaniyada da tələbələr təhsil almaq üçün fərqli ölkələrə yollanırlar. Xaricdə təhsil bir insanın inkişafında həm elmi, həm sosial cəhətdən müsbət rol oynayır. Hazırda Almaniyada işimi davam etdirsəm də, Azərbaycanla akademik əlaqələrimi kəsməmişəm.    - Bəs müəllim olmağa necə qərar verdiniz? Peşəkar iqtisadçı da ola bilərdiniz...

- Düzdür, mənim sahəmdə nəinki iqtisadçı, nazirliklərdə statistika komitəsində tək araşdırma ilə məşğul olan insanlar da var. Ancaq mənim üçün şəxsən universitet müəllimliyinin xüsusi önəmi var. Bu, mənə çox cəlbedici gəlir. Müəllim olmaq iqtisadiyyata olan sevgini auditoriya zalında bölüşmək imkanı verir. Siz sevdiyiniz sahənin incəliklərindən danışır, müzakirə aparır və öyrədirsiniz. Auditoriyada fənn sevgisindən yaranan pozitiv emosiyalar axını məni özünə cəlb edir. Müəllim olmaq sənə tələbələrlə birgə fikir mübadiləsi aparmağa və onları da həvəsləndirməyə imkan verir. Bununla da həm elmə, həm də özünə töhfə vermiş olursan. Müəllimlik mənə hər şeydən əvvəl ona görə maraqlı idi ki, digər insanlara müsbət təsir göstərə bilirəm, ikincisi və ən əsası isə bu işi görərkən həzz alıram.   - Azərbaycanlı müəllimin almanlara dərs deməsi tələbələr tərəfindən necə qarşılandı? Fərqli ölkədə auditoriya qarşısına çıxmaq asan deyil.   - Bu vaxta qədər çətinliyim olmayıb. Tələbələr dərsimdə ilk andan çox böyük hörmət və diqqətlə iştirak ediblər. Sadəcə, bu, mənim üçün çox böyük məsuliyyət deməkdir. Hər dəfə auditoriyaya girdikdə, azərbaycanlı olaraq düşünürəm ki, işimi mükəmməl görməliyəm. Ona görə yox ki, öz imicimi formalaşdırıram. Düşünürəm ki, əgər yaxşı nümunə olmasam, həm də öz ölkəmi yaxşı təmsil etməmiş oluram. Bəzən düşünürəm ki, burada daha çox azərbaycanlıyam nəinki öz ölkəmdə. Azərbaycanda yaşadıqda öz həmvətənlərimlə bir yerdə idim. Hər dəfə təmsil etmək, səfir olmaq, imici qorumaq məsələsi qarşımda durmurdu. Amma burda hər an və ən əsası auditoriyaya girəndə fikirləşirəm ki, mən gərək azərbaycanlılığımı elə göstərim ki, qarşımdakı desin ki, bizim Azərbaycan kökənli müəllimimiz yaxşı, savadlı müəllimdir.    - Sizcə, alman tələbələri azərbaycanlı müəllimi sevirmi?

- Mənim bir fəlsəfəm var - professor, müəllim, dosent kimi insanların işi tələbələrə dərs keçmək, onlara xidmət göstərməkdir. Həmişə tələbələrlə bərabər müstəvidə danışmaq istəyirəm. Onlara əvvəlcədən deyirəm ki, biz sizə xidmət göstəririk. Mənə elə gəlir ki, tələbələrim mənim dərs keçməyimi bəyənir, ünsiyyət qurmağımı yaxşı qarşılayırlar. Çünki keyfiyyətli tədris və insani münasibət hər bir ölkədə tələbə üçün daha cəlbedicidir.   - Alman tələbələrində gördüyünüz hansı xüsusiyyətin Azərbaycan tələbələrində olmasını istərdiniz?

- Mənə elə gəlir ki, Azərbaycan və alman tələbələri bir-birindən çox fərqli deyil. Sadəcə, mən Azərbaycanda həddindən artıq elm vurğunu, elm fanatiki olan tələbələr görmüşəm. Almaniyada isə belə deyil. Bu ölkədə yaxşı oxuyanlar bu işin karyera aspektinə daha çox fokuslanırlar. Bizdə isə oxuyan tələbələri karyeradan çox elm vurğunluğu cəlb edir. Əgər bir sənəti seviblərsə, onu sevə-sevə oxuyurlar və həmin an üçün karyera, daha çox pul qazanmaq haqqında düşünmürlər. Bu, çox yaxşı xüsusiyyətdir. Yəni təhsil alarkən, harada ki, pul çoxdur o sahəyə fokuslanmamalı, daha çox sevdikləri sahə haqqında fikirləşməklərini istəyirəm. Özlərini mükəmməlləşdirməyə yönəltsələr, karyera və pul daha sonra gələcək.


Xəbərə aid fotolar