Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Bruklin meri ilə görüşüb


Digərləri 21 Noy 2018 19:23:54 285 0

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Bruklin meri ilə görüşüb

Gələcək əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə şəhər meri ölkəmizə dəvət edilib.

Bakı. Amerika Birləşmiş Ştatlarında səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Nyu-Yorkda “My Way” Uşaq və Gənclərin İnkişaf Mərkəzinin təşkil etdiyi “Mənim dünyam, mənim yolum” Azərbaycan uşaqlarının sərgisində iştirak edib və təşkilatın fəaliyyəti ilə tanış olub. Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitənin dəstəyi ilə keçirilən tədbirdə uşaqların əl işləri ilə tanış olan nümayəndə heyəti, balaca soydaşlarımıza ölkəmiz barədə məlumatlar veriblər. Tədbirdə yalnız azərbaycanlı uşaqlar deyil, ABŞ-da yaşayan digər millətlərin də uşaqları iştirak edib, milli musiqimizin sədaları altında rəqs ediblər. Səfər çərçivəsində Dövlət Komitəsinin şöbə müdirləri Vüqar Məmmədov və Səlhət Abbasova soydaşlarımızın təşkil etdiyi “İrsimizə atəş açmayın” filminin nümayişində iştirak edib. Bruklin şəhər merinin binasında nümayiş etdirilən film Azərbaycanda çəkilib. Filmin süjet xəttini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı, Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti təşkil edir. Filmin nümayişində soydaşlarımız və çoxsaylı qonaqlar iştirak edib.