Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq davam etdirilir


Digərləri 21 Noy 2018 17:18:26 266 0

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq davam etdirilir

Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin baş direktoru Enkjargal Kurelsukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməklə yanaşı, bu sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlar və digər dövlətlərin ixtisaslaşmış orqanları ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da genişləndirir. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, bu sahədə formalaşmış müsbət tendensiyanın davamı olaraq Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin baş direktoru Enkjargal Kurelsukun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi müsbət təcrübə və nailiyyətlərlə tanış olmaq, o cümlədən ixtisaslaşmış anti-korrupsiya qurumları arasında ikitərəfli münasibətlərin təsis edilməsi məqsədilə Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Fəxri Xiyabana gələn Monqolustan nümayəndə heyəti müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini ehtiramla yad edərək məzarları önünə əkil qoymuş, daha sonra Şəhidlər Xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını və “Əbədi məşəl” abidəsini ziyarət ediblər. Bundan sonra Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin baş direktoru Enkjargal Kurelsukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş Prokurorluğunda olmuşlar. Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Monqolustan Prezidenti cənab Xaltmaaqiyn Battulqa arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinin xalqlarımız arasında dərin tarixi köklərə söykənən siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini xatırladaraq ölkələrimiz arasında ikitərəfli münasibətlərin sürətlənməsinə geniş imkanlar yaratdığını bildirmişdir. Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, həmçinin qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir. Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Enkjargal Kurelsuk rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş naliyyətləri yüksək qiymətləndirmişdir. Görüşdə ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərinin gələcək inkişafına inam ifadə edilmiş, hüquqi əlaqələrin dərinləşdirilməsi perspektivləri müzakirə edilmişdir. Monqolustan nümayəndə heyəti Baş Prokurorluğun Tarix Muzeyində Azərbaycan dövləti, onun hüquq sistemi, dövlət başçısının rəhbərliyi altında aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən guşə və digər ekspozisiyalar ilə tanış olmuşlar. Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilmişdir.