Ruslan Abışov: "Karyeram boyu heç vaxt bu qədər dəstək görməmişəm"


İdman 21 Noy 2018 16:29:00 326 0

Ruslan Abışov: "Karyeram boyu heç vaxt bu qədər dəstək görməmişəm"

"Neftçi” klubunun uzun müddətdən sonra məşqlərə başlayan kapitanı Ruslan Abışov klubun saytına müsahibə verib. 

 həmin müsahibəni təqdim edir:  

- Nəhayət ki, uzun müddətdən sonra məşqlərə başladınız...

- Bəli. Klub həkimlərimiz üç həftə fərdi məşq etməyi tapşırıblar. Onların verdiyi plan üzrə çalışıram. Gündən-günə özümü daha da yaxşı hiss edirəm.

- Bu müddət ərzində iki dəfə Almaniyada oldunuz. Həmin ölkəyə yenə səfər edəcəksiniz?

- Almaniyaya ilk gedişim əməliyyatla bağlı idi. İkinci səfərim isə bərpa üçün nəzərdə tutulmuşdu. Artıq Almaniyaya getməyimə ehtiyac yoxdur. Fürsətdən istifadə edib müalicəmi ən yüksək səviyyədə təşkil etdiyi üçün klub rəhbərliyinə və əziyyətimi çəkən həkimlərimizə təşəkkürümü bildirirəm.

- Bərpa prosesi ilk plana uyğun davam edir, yoxsa plandan daha tez gedir?

- Almaniyadakı həkimlərin dediyinə görə, proses sürətlə gedir. Amma mən tələsmək istəmirəm. Yanvar ayındakı təlim-məşq toplanışında var-gücümlə məşq etməyi düşünürəm.

- Bərpa müddəti ərzində ən çətini nə olur?

- Futbolsuz qalmaq. Bunu sözlə ifadə etmək çox çətindir. Amma nə yaxşı ki, artıq çətin günlər arxada qalıb. İndi yalnız meydana çıxacağım günləri sayıram.

- Yəqin ki, azarkeşlərdən də dəstək alırsınız?

- Karyeram boyu heç vaxt bu qədər dəstək görməmişəm. Həqiqətən də azarkeşlərin yazdığı hər bir mesaj, göstərdiyi hər bir diqqət sağalma prosesini daha da sürətləndirir. Bu zaman kəsiyində mənə təsəlli verib, dəstək olan azarkeşlərin hər birinə minnətdaram.

Qeyd edək ki, Ruslan Abışov Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Macarıstan "Uypeşt"inə 0:4 hesabı ilə uduzduqları oyunun 41-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizədə ayağından zədələnib.