Müharibənin çiçəkləri - ölümlərlə dolu hekayənin çempionluqla bitən sonu


İdman 21 Noy 2018 15:28:00 273 0

Müharibənin çiçəkləri - ölümlərlə dolu hekayənin çempionluqla bitən sonu

Bəşər Resa, 21 yaşındadır. Hər yaxın şərqli kimi o da çətinliklər, yoxsulluq, müharibənin içərisindən çıxan bir ümid çiçəyidir. Həyatını futbola həsr etməyə başlayan bir bağdadlıdır...

İraq yığması bir ay əvvəl keçirdiyi yoxlama oyununda Argentinaya 0:4 hesabı ilə məğlub oldu. Amma həm meydandakıları, həm də tribunadakıları məyus edən şey Bəşərin aldığı xəbər idi. Matçın oynandığı vaxtda futbolçunun anası vəfat etmişdi. Bu xəbəri ona heç kim deyə bilmədi. Bəşər sarsılmasın deyə komandada hamının telefonları söndürüldü. Futbolçu ilk hissədə heç nədən xəbərsiz oynadı. Amma fasiləyə yollanarkən bu qara xəbəri azarkeşlərdən eşitdi. Heç kəsin gözləmədiyi anda ikinci hissədə də oynamaq qərarı verdi. Amma dözə bilmədi, ikinci hissənin gedişində əvəzləndi.

Bəşərin yaşadığı bu dram İraq futbolunda növbəti bir hekayə oldu. Bəşər hələ 10 yaşında olanda isə İraq futbolu başqa bir dramın şahidi olmuşdu.

2007-ci il. İraqda silah səsləri, bombalar, fəryadlar, ölümlər... Taleyi ilə barışmış onlarla insan. Amma olanlara baxmayaraq, müharibənin kölgəsində davam edən həyatlar və xəyallar... Müharibənin qızğın vaxtlarında İraq millisi İndoneziyada keçiriləcək Asiya kubokuna hazırlaşırdı. Ancaq bu, hamımızın bildiyi bir hazırlıq deyildi. Yaşananlar və ölkədəki mövcud vəziyyət futbolu düşünməyə vaxt və imkan vermirdi.

Dönəmin futbolçusu Havar Molla Məhəmməd turnirə necə hazırlaşdıqlarını bu sözlərlə bildirir:

“Milli Təhlüskəsizlik Nazirliyinin binasının yanında yaşayırdım. Bombalar partladıqca bina sağa, sola silkələnirdi. Təsəvvür etmək belə çətindir. Hava hücumları altında məşqlər edirdik”. 

O, həmçinin müharibədə 60-a yaxın qohumunu itirdiyini, bunlardan 5-nin xalası uşaqları olduğunu əlavə edir. 

Turnirə bir neçə həftə qalmışdı. Ancaq İraq yığmasının böyük bir çatışmazlığı var idi. Komanda baş məşqçisiz idi. Ölkədə futbol o qədər geridə qalmışdı ki, turnirə bir neçə həftə qalmış yığmanı çalışdıracaq məşqçi belə tapa bilməmişdilər. Ta ki, Jorvan Vieyra bu vəzifəni qəbul edib, komandanın sükanı arxasına keçənə kimi...

Ölkədəki etnik və dini ayrılıqlar, ilk vaxtlarda milliyə də təsir göstərirdi. Bir çoxu əzizlərini itirmişdi. Bəzilərinin ailələri müharibə bölgələrində yaşayırdı və bu vəziyyət onları narahat edirdi. İlk vaxtlarda qruplaşan futbolçular sonradan nə istədiklərini və etməli olduqlarını dərk etdilər. Komanda daxilindəki qruplaşmalar tamamilə bitdi. Artıq bütün futbolçular İraq üçün mübarizə aparacaqdı.Hadisələrin ardı-arası kəsilmirdi. Komandanın fizioterapefti turnirdən əvvəl yoldaşının doğuşu üçün icazə alıb ölkəyə yollandı, amma bir daha geri qayıtmadı... Komandanın düşərgəsinə qayıtmaq üçün bilet almağa gedəndə yaşanan bir terrora qurban getmişdi.

Qvardiola, Sarri, Mourinyo... Futbolu və futbolçuları idarə etmək, taktiki gedişlər və oyun strategiyaları bu məşqçiləri ön plana çıxarır. Amma Jorvan Vieyra üçün futbolun tanımı, İraqda çalışmağa başladıqdan sonra dəyişdi. Artıq taktikadan daha vacib şeylər var idi. Paltardəyişmə otağına gedəndə futbolçulardan kiminsə ölüm xəbəri almağını eşitmək hər şeyi məhv edirdi. Komandanı təkcə taktiki cəhətdən yox, həm də psixoloji cəhətdən hazırlamalı idi. Futbolçulara bir məşqçi kimi yanaşmaq nə ona, nə də komandaya xeyir verəcəkdi. Onsuz da hər şeyi unudub, sadəcə, futbola köklənmək mümkün deyildi.

“Onun ən böyük üstünlüyü futbolçulara olan yanaşması idi. Əsas köklənmə nöqtəsi fiziki və ya taktiki cəhətdən yox, duyğusal anlamda verdiyi dəstək idi”. 

Dönəmin futbolçularından Saleh Sadir məşqçini bu sözlərlə xatırlayır.

Futbolda uğur qazanmaq üçün şərtlər nə qədər uyğun olmalıdır? Ya da müharibənin uşaqları çempion olmaq üçün nə etməlidi? 2007-ci ildə iraqlı futbolçuları əngəlləri bir-bir aşıb uğura doğru irəliləyirdi. Nə məşhur bir futbolçuları var idi, nə də ki, azarkeşləri. Ümumiyyətlə, məşhur futbolçuları heç vaxt olmamışdı, amma onları dəstəkləyən azarkeşləri ölkələrində sağ qalmaq uğrunda mübarizə aparırdılar. Uğur gəldikcə İraq xalqı ölkədə millinin uğurlarına köklənməyə başlamışdı. Xalq futbolun birləşdirici gücü ilə birgə sevinib, birgə üzülürdü. Çox yox, 2003-cü ilə kimi millinin məğlubiyyətlərindən sonra küçələrdə xalqın önündə cəzalandırılan futbolçular bu dəfə Asiya kubokunda finala kimi irəliləmişdilər. (Həlledici qarşılaşmaya kimi qrupda Avstraliya, Tayland, Oman, ¼ finalda Vyetnam, yarımfinalda isə Cənubi Koreyanı üstələmişdilər) İraqlılar finala vəsiqə qazandıqları Cənubi Koreya oyunundan sonra küçələrdə qələbəni qeyd edirdi və ölkədə böyük bir sevinc yaşanırdı. Ta ki, qələbə sevincini qeyd edərkən yaşanan növbəti terror aktına kimi... O qədər bəxtsiz idilər ki, onları illər sonra xoşbəxt edən nəyəsə sevinəndə, bu da kabusa döndü. 30 nəfər öldü...

Yaşanan bu hadisədən sonra İraqın turnirdən geri çekiləcəyi ilə bağlı xəbərlər yayılmağa başladı. Oğlunu itirən bir ana televiziyaya çıxıb, hamının qanını donduran o sözləri dedi. Yaşlı qadın ölən oğlunu İraq kuboku qazanana kimi dəfn etməyəcəyini bildirdi. Bunu izləyən futbolçular və Vieyra nə etməli olduqlarını başa düşdülər.

Sona qədər kədərlə, hüzünlə və ölümlərlə davam edən hekayənin sonu gözəl bitdi. İraq tarixində ilk dəfə Asiya kubokunu qazandı. Belə bir zəfərin bənzərini nə Braziliya, nə Almaniya, nə “Real”, nə də “Barselona” yaşadı.

Müharibənin kölgəsində yetişən müharibənin çiçəkləri qitənin ən güclüsü oldu. Çempionluqdan sonra yaşanan sevinc İraq xalqını küçələrə tökdü. Məhv olan xalq futbolun gücü ilə bir oldu. Onlar daha əvvəl heç kimin aparmadığı mübarizəni apararaq ən böyük zəfəri qazandılar.



Tərcümə: Elmar Abdullazadə