BP 2018-ci ilin 3-cü rübünün NƏTİCƏLƏRİNİ açıqlayıb


Digərləri 21 Noy 2018 14:22:00 564 0

BP 2018-ci ilin 3-cü rübünün NƏTİCƏLƏRİNİ açıqlayıb

BP 2018-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.

Bakı. BP 2018-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb. Şirkətdən Trend-ə verilən məlumata görə, 2018-ci ilin birinci üç rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 367 milyon dollar əməliyyat məsrəfləri və 825 milyon dollar əsaslı məsrəflər xərclənib. 2018-ci ilin 1-ci üç rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. 9 ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (47 000), Mərkəzi Azəri (156 000), Qərbi Azəri (126 000), Şərqi Azəri (97 000), Dərinsulu Günəşli (105 000) və Qərbi Çıraq (57 000) platformalarından birlikdə – gündə orta hesabla 588 000 barel və ya ümumilikdə təqribən 161 milyon barel, yəni 22 milyon ton olub. Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 112 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub. Üç rüb ərzində AÇG-də 8 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb. İlin 1-ci üç rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,6 milyon kubmetr, ümumilkdə isə 1,8 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub. 2018-ci ilin ilk üç rübü ərzində AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 55 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 75 milyon standart kubmetrdir. Üç rüb ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 211 milyon bareldən çox neft və kondensat, o cümlədən təqribən 189 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 21 milyon bareldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,2 milyon barelə yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib. Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. Bu ilin doqquz ayı ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28,4 milyon standart kub metr (1003 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilib. 2018-ci ilin ilk üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 87 milyon dollar, əsaslı xərclərə isə təqribən 21 milyon dollar xərclənib. 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin 3-cü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 408 milyon tondan artıq (3,1 milyard bareldən artıq) xam neft nəql edilib və Ceyhanda 4001 tankerə yüklənərək dünya bazarlarına göndərilib. 2018-ci ilin üç rübü ərzində isə BTC vasitəsilə 25 milyon tondan çox (təqribən 189 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 243 tankerə yüklənib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur. 2018-ci ilin üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə 418 milyon dollardan çox əməliyyat xərcləri və təqribən 1,14 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir. 2018-ci ilin üç rübü ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam edib. Doqquz ay ərzində yataqdan 8 milyard standart kubmetr qaz və 1,8 milyon ton (təqribən 14,3 milyon barel) kondensat hasil edilib. Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 43 milyon (ildə təqribən 16 milyard) standart kubmetrdir. 2018-ci ilin 3-cü rübündə Şahdəniz Alfa platformasında SDA11 quyusunun üst tamamlama işləri başa çatdırılıb. Bundan əlavə, SDA04 və SDA05 quyularında texniki bütövlüklə bağlı bəzi qazma əməliyyatları da aparılıb. İstiqlal qazma qurğusu şərq cinahda SDG04 və SDG02Z quyularına tamamlayıb. Maersk Explorer qurğusu da şərq cinahda SDH02 quyusunda qazma əməliyyatlarını davam etdirir. Bu iki qurğu Şahdəniz Bravo platformasından hasilat üçün artıq 14 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu və şərq cinahında iki quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək. 2018-ci ilin ilk üç rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 27 milyon dollar əməliyyat xərcləri və 308 milyon dollar əsaslı xərclər sərf edilib. Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. Doqquz ay ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 22 milyon kubmetr qaz olub. CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur. 2018-ci ilin ilk üç rübü ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Hal-hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir və CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır. Eyni zamanda Azərbaycan ərazisində CQBKG-nin mexaniki tamamlanması işləri çədvəli qabaqlamaqla başa çatıb. Gürcüstanda 2-ci kompressor stansiyasının istismar sınaqları plana uyğun irəliləyir. Həmin obyekt bütövlükdə tikinti mərhələsindən istismar sınaqları mərhələsinə keçib.