Orxan Məmmədov: "Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin vəzifələrinin icrası elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır"


Digərləri 21 Noy 2018 12:53:00 300 0

Orxan Məmmədov: "Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin vəzifələrinin icrası elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır"

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin vəzifələrinin icrası bir çox istiqamətlərdə elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslanır. Bu istiqamətlər bir çox sahələri əhatə etməklə sahibkarlıq ideyasının təbliği, sahibkarların maarifləndirilməsindən başlayaraq, qabaqcıl dəstək modellərinin tətbiqi imkanlarının araşdırılması, ölkənin innovativ potensialının reallaşdırılmasına qədər olan böyük spektri əhatə edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanması mərasimində Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Agentlik rəsmisi deyib ki, bu gün imzalanan memorandum bu əməkdaşlığın konkret istiqamətlərini və formalarını müəyyən edərək geniş fəaliyyət platforması yaradacaqdır:

"Hazırda cənab Prezidentin müəyyən etdiyi tapşırıqların icrası istiqamətində Agentlik tərəfindən kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlər hazırlanmaqdadır. Təbii ki, onların hər biri ciddi araşdırma tələb edir. Bu prosesdə biz UNEC-in nəzdində fəaliyyət göstərən elmi araşdırma mərkəzlərinin potensialından faydalanmaqda maraqlıyıq və fikrimcə bu, qurumlar arasında əməkdaşlığın öncül istiqamətlərindən biri olacaqdır".

O.Məmmədovun sözlərinə görə, digər mühüm əməkdaşlıq istiqaməti ölkəmizin innovativ potensialının kiçik və orta biznes vasitəsilə reallaşdırılması, innovativ təşəbbüslərin dəstəklənməsi ilə bağlı olacaqdır: "Bu baxımdan, innovasiyalar sahəsində sahibkarlığın dəstəklənməsinin təşkilati modellərinin yaradılması və səmərəli fəaliyyətinin təmin olunması sahəsində birgə tədbirlər nəzərdə tutulub. Sahibkarlıq subyektlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və rəqabət qabiliyyətinin artırılması baxımından elmi yeniliklərin biznesə inteqrasiyası xüsusi önəm kəsb etməkdədir. Memorandum bu istiqamətdə konkret praktiki nəticələrə istiqamətlənmiş birgə səylərin göstərilməsini nəzərdə tutur".