Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib (FOTO)


Digərləri 21 Noy 2018 11:41:59 223 0

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib (FOTO)

Noyabrın 20-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Bakı. Noyabrın 20-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Şuradan Trend-ə verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Avropa Azərbaycanlıları Konqressinin prezidenti Sahil Qasımovun “Veteninfo.az” xəbər saytına qarşı şikayətini araşdıran Komissiya üzvləri müəyyən ediblər ki, saytda AAK və onun rəhbər strukturları barədə silsilə olaraq yayılan xəbərlərdə “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) prinsipləri pozulub, tənqidi xarakterli yazılarda qarşı tərəfin rəyi öyrənilməyib, balans gözlənilməyib, dəqiqləşdirmə aparılmayıb. Bənzər xətaların təkrarlandığını nəzərə alaraq, “Veteninfo.az” xəbər saytına MŞ tərəfindən xəbərdarlıq edilib. Komissiya AAK-ın “Reytinq” qəzeti barədə eyni motivli şikayətini də araşdırıb. Qəzet redaktorunun mövzu üzrə izahını nəzərə alan Komissiya üzvləri narahatlıq doğuran məqamların aradan qaldırılması üçün müvafiq tövsiyələr veriblər. “Atlas ES” MMC-nin baş direktoru İslam Abdullayevin “Azərbaycan reallığı” İnformasiya Ağentliyinə qarşı şikayəti araşdırılarkən müəyyən edilib ki, Agentlikdə MMC və onun təmsilçiləri barədə kəskin tənqidi ruhlu materiallar yayımlanıb və qarşı tərəfin mövqeyi öyrənilməyib. Materiallar birtərəfli, yalnız bir qrup şikayətçiyə istinad edilərək hazırlanıb. MMC təmsilçilərinin özlərinin təşəbbüs göstərməsi, mövqelərinin işıqlandırılmasına yönəlik cəhdləri də nəticə verməyib: İnformasiya Agentliyi onların mövqeyini dərc etməkdən boyun qaçırıb. Komissiya üzvləri qərara gəliblər ki, geniş araşdırma aparılması üçün “Azərbaycan Reallığı” İA üzrə iş MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilsin.