"Elə bilirlər, milyardlarla pul qazanırıq"


Digərləri 20 Noy 2018 22:41:00 222 0

"Elə bilirlər, milyardlarla pul qazanırıq"

Son zamanlar bəzi Milli Məclis üzvləri özlərinin və parlamentdə çalışanların maaşlarının artırılması ilə bağlı təkliflər səsləndirirlər. Bu təkliflər isə, cəmiyyətdə birmənalı qarşılanmır. Əksəriyyət hesab edir ki, deputatların hazırkı əmək haqları onların ehtiyaclarını qarşılamağa yetir.

Maraqlıdır, bu məsələdə millət vəkilləri özləri nə düşünürlər, yəni əmək haqları onları qane edirmi?

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, parlamentin İnsan hüquqları komitəsinin üzvi Fazil Mustafa bildirib ki, təqaüdçünün, müəllimin, həkimin maaşı aşağıdır və belə olan halda deputatın maaşının artırılmasına lüzum yoxdur: "Onların maaşı yüksək olsaydı, differensasiya ilə bizim maaşımızın da qalxması yaxşı olardı".

Elm və təhsil komitəsinin üzvi Sona Əliyeva da düşünür ki, aldıqları əmək haqqı normaldır.

Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvi Dilarə Cəbrayılova da aldığı əmək haqqının onu qane etdiyini deyib: "Əmək haqqımızı artırmaq istəyirlərsə, büdcə də buna imkan verirsə, o zaman artırsınlar. Bunu edərlərsə, sağ olsunlar. Lakin hazırda bizim birinci işimiz təhsil və müdafiə sahəsinə vəsait sərf etməkdir".

İnsan hüquqları komitəsinin üzvi Əflatun Amaşovun bu barədə fikirləri isə bir qədər fərqli olub: "Çox təəssüf ki, biz cəmiyyətə Milli Məclisin fəaliyyəti ilə bağlı dolğun informasiya verə bilməmişik. Elə təsəvvür edirlər ki, deputat kapitalistdir, milyardlarla pul qazanır, seçicisi ilə görüşmür, onun cəmiyyətə faydası yoxdur. Bu səbəbdən də millət vəkilinin maaşının artırılması məsələsi gündəmə gəldikdə, bizi topa tuturlar. Bəzən məsələnin mahiyyətinə varmadan müxtəlif təzadlı fikirlər səsləndirilir".