Düşməni də, dostu da onu tərifləyirdi


Digərləri 20 Noy 2018 21:50:00 295 0

Düşməni də, dostu da onu tərifləyirdi

Məsum İmamlar (ə) ali insani dəyərlərin ən gözəl nişanəsi və İlahi ayələrin təcəllisidirlər. Onların öz Məbudları ilə münacatı və ibadəti, risalətlərini ən gözəl şəkildə yerinə yetirməkləri, fəzilət dənizləri kamil insan nümunəsini bizlərə tanıtmışdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, on birinci İmam olan Həzrət Həsən Əsgəri (ə) - kamil insan nümunələrindən biridir. Bu gözəl İmamın (ə) əzəmətli şəxsiyyətini Abbasi sarayının vəziri olan Əhməd ibni Ubeydə belə təsvir edir: "Şəhərdə heç bir Ələvini Həsən ibni Əli ibni Muhəmməd ibni Rza (ə) kimi nə gördüm və nə də tanıdım. Həm nəsli və həm də sultanlar arasında olan vüqarı, sükutu, iffəti və kərəmi qədər ona tay olanı görmədim. Bəni-Haşim onu öz ağsaqqallarından və qüdrət sahiblərindən üstün tuturlar. Hakimlərdən, vəzirlərdən, adi insanlardan onu üstün tuturlar. Onun düşməni də, dostu da onu tərifləyir".

İmam Həsən Əsgərinin (ə) bərəkətli 29 il ömrünü üç hissəyə bölmək olar: ilk 13 ilini Mədinədə keçirtmişdir, 10 il sonrakı ömrünü Samirrada atası həyatda olan zaman keçirtmişdir, 6 il imamət dövrünü də Samirrada keçirtmişdir. İmamın (ə) imamət dövrü Abbasilərin xilafətdə olduğu zamana təsadüf edir.

Mütəvəkkil (lən) bu xəlifələrdən biridir ki, İmamı (ə) zindana salır və səbəbini də heç kəsə açıqlamır. Abbasi xəlifələri səy göstərirdilər ki, İmamı (ə) daima nəzarətdə saxlayıb, ondan xəbərdar olsunlar. Onu öz dostlarından və davamçılarından uzaq salmışdılar. Ona görə də İmam Həsən (ə) də çarəsiz olaraq, atası kimi Samirrada hərbi vəziyyətdə yaşamağa məcbur olur.

İmamın (ə) imamət dövrünün üç ili zindanda keçir. Baxmayaraq ki, İmam (ə) elə evində olan zamanda həbs rejimində idi, ancaq bu azgın xəlifələr bununla kifayətlənməyib, onu zindana salırlar.