Doğrudurmu ki, dörd dəfə namazı tərk etdikdən sonra insan daha namaz qıla bilməz?


Digərləri 20 Noy 2018 21:10:00 294 0

Doğrudurmu ki, dörd dəfə namazı tərk etdikdən sonra insan daha namaz qıla bilməz?

Deyirlər ki, bir şəxs 3 dəfə namaz qılmağı tərk edib yenə qayıtsa, dördüncü dəfə namazı tərk etdikdən sonra daha namaz qıla bilməz. Bu söz doğrudurmu?

Namaz elə ibadət növüdür ki, onu heç zaman tərk etmək olmaz. Şəriətimiz namazın vacibliyini qorumaq üçün bəzi güzəştlər də nəzərdə tutub. Məsələn, ayaq üstə namaz qıla bilməyən şəxs oturmuş halda, bunu da bacarmayan uzanmış vəziyyətdə namazı qılmalıdır. Namazı heç bir bəhanə ilə tərk etmək olmaz. Qəsdən namazı tərk edən şəxs böyük günah etmişdir və mütləq tövbə etməlidir. Bir şəxs hər hansı səbəb (səhlənkarlıq, namazın vacibliyini bilməmək, bu barədə yanlış məlumat almaq) üzündən vacib namazları qılmamışsa, tövbə edib peşman olmalı, bir daha namazı tərk etməyəcəyinə söz verməli və qılmadığı namazları qəza etməlidir. Tövbə qapısı həmişə bəndənin üzünə açıqdır. Bəndə nə zaman yanlışlığa düşdüsə, yenə Allaha sarı qayıtmalıdır. Allahın mərhəmətindən ümidsiz olmaq bəndəyə yaraşmaz. Amma əlbəttə ki, Allahın mərhəmətindən sui-istifadə etmək də olmaz.