Müxtəlif ölkələrdə azarkeş qadınların vəziyyəti necədir?


Digərləri 20 Noy 2018 21:18:00 252 0

Müxtəlif ölkələrdə azarkeş qadınların vəziyyəti necədir?

Tehranın Azadi stadionunda Asiya Çempionlar Liqasının matçında qadın tamaşaçıların da olması böyük debatlara yol açıb: Bu nədir? Yeni dan yerinin sökülməsi, yoxsa ölkəyə səfər etmiş xarici futbol rəsmilərinin xoşuna gəlmək üçün atılmış bircə dəfəlik addım?

Bəzi təxminlərə görə, İranın Persepolis və Yaponiyanın Kaşıma Antlers klubları arasında iranlıların 2-0 uduzduğu bu oyuna stadionda tamaşa edən 8 min azarkeşdən 500-1000 nəfəri qadınlar olub.

FIFA bunu 1981-ci ildən əhəmiyyətli addım adlandırıb.

Lakin Açıq Stadionlar (Open Stadiums) kampaniya qrupu şübhə ifadə edib və bildirib ki, bu, yalnız gözdən pərdə asmaq üçün atılan addımdır.

Bəs, görəsən, dünyanın başqa ölkələrində azarkeş qadınların vəziyyəti necədir?

İRAN

Open Stadiums qrupu qadın azarkeşlər üçün stadiona bilet almağın nə dərəcədə asan oldub-olmadığını müəyyən etməyə çalışır.

Qadınlar üçün stadionlara giriş verilməsi İranda köhnə problemdir. 2006-cı ildə çəkilmiş Ofsayd (Offside) sənədli filmində İran qadınlarının öz ölkələrinin milli yığmasını Dünya Kubokuna aparan matçlarına gözlərinin ucları ilə baxmaq üçün keçdikləri keşməkeşlərdən bəhs edir.

Maraqlıdır ki, İran komandasının xaricdəki oyunlarına İran qadınları daha asanlıqla tamaşa edə bilirlər. Lakin öz ölkələrində onların üzərindəki stadion qadağası bu və ya digər formada davam edir.

Bəzi məlumatlara görə sözügedən Asiya Çempionları Liqasının oyununa da yalnız qadınların seçilmiş bir qrupu, həm də onlar üçün ayrılmış sektordan baxıb.

Qadınlara final oyununa biletlərin satılması da qadağan edilmişdi.

Asiya Futbol Konfederasiyasının başçısı Şeyx Salman bin Xəlifə israr edib ki, "Asiyada futbol həmişə azad olub və konfederasiya heç kimə mənşəyinə, inanclarına, cinsinə və ya irqinə görə ayrı-seçkilik etmir". O, bundan əlavə İranın hakimiyyət orqanlarına "bu fövqəladə idman hasdisəsini cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən kütlə üçün mümkün etdiyinə görə təşəkkürünü bildirib."

Açıq Stadionlar qrupundan Sara (öz adı deyil) BBC-yə deyib ki, bu matç bir "şou" idi:

"Əgər oyundan sonra FIFA və AFC-nin bəyanatlarına diqqət etsəniz görərsiniz ki, onlar bir-birlərinə təşəkkür edirlər. Onlar İran hökumətinə təşəkkür edirlər ki, qadınları stadiona buraxıb".

"Amma bu qadınlara stadion icazəsinin verilməsi sayıla bilməz. Bu bir təhqirdir. Əgər sosial mediaya baxsaydınız, görərdiniz ki, nə qədər insan matça baxmaq istəsə də, buna nail ola bilməyib. Stadionda olanlar oyunçuların qohumları olub. Bu, ədalətli iş deyil".

SƏUDİYYƏ ƏRƏBİSTANI

Səudiyyə Ərəbistanında qadınların futbol matçlaırını stadionda izləməsi ölkənin tarixində mühüm bir hadisə kimi dəyərləndirilib.

Yanvar ayında Səudiyyə Ərəbistanında qadınların futbol matçlarına stadionda tamaşa etməsinə ilk dəfə olaraq icazə verilib.

Bu addımda məqsəd krallıqda mövcud olan cinsi ayrı-seçkiliyin bir qədər azaldılması idi.

Ciddə şəhərində Əl-Əhli və Əl-Batin komandaları arasında keçirilmiş həmin matçın təşkilində iştirak etmiş qadın - Sara Əlkaşğarinin 18 yaşı var. O, BBC-yə bu "böyük və inanılmaz" hadisədən danışıb:

"Bu, nəhayət qadınların tələblərindən birinə nail olması demək idi. Biz stadionlara girmək istəyirdik və bunu etdik. Mən qızğın futbol azarkeşiyəm. Mən bu oyunu oynamağı da sevirəm, ona tamaşa etməyi də. Amma mən bundan əvvəl futbol matçında olmamışdım. Bu, mənim matça ilk dəfə tamaşa etməyim idi. Bir səudiyyəli qadın üçün bu, matçdan da böyük bir hadisəydi".

Eyni hissləri Dünya Kuboku zamanı Rusiyada olan səudfiyyəli qadınlar da ifadə edirdilər. Milli yığmanın 5-0 uduzması da onları o qədər də dilxor etməmişdi.

İNGİLTƏRƏ

Qadınların da əksəriyyəti - kişilərin əksəriyyəti kimi - valideynlərinin azarkeşlik etdiyi klublara azarkeşlik edirlər.

İngiltərədə qadınların futbol təcrübəsi barədə ilk araşdırma 2015-ci ildə Kick It Out təşkilatı tərəfindən keçirilib.

(adsgarden = window.adsgarden || []).push({});