40 yaşdan sonra ana olanların qarşılaşdığı problemlər


Digərləri 20 Noy 2018 21:19:00 295 0

40 yaşdan sonra ana olanların qarşılaşdığı problemlər

Dünyada 40 yaşından sonra ilk dəfə ana olanların sayı gedərək artır. Bu anaları dəstəkləmək etik cəhətdən əhəmiyyətli olduğu qədər cəmiyyətə və istisadiyyata kömək baxımından da lazımlıdır.

40 yaşında olan Jenny Glancy-Potter-in əkiz körpələri dünyaya gəlmişdi. Körpələrin doğulması onun ana olmaq mübarizəsinin sonu, həyatında xoşbəxt bir dövrün başlanması mənasını verirdi. Lakin o, bu qədər gec ana olmağı planlaşdırmamışdı.

"Gənclik vaxtımdan fərqli olaraq daha az enerjim var, ancaq görünüş olaraq ana olmaq üçün yaxşı bir vaxtdır. Artıq daha səbrli və daha ağıllıyam, həyatımda istədiyim çox şeyi etmişəm", Potter deyir. İndi onun əkizləri 5 yaşındadır.

Britaniyanın Lamcashire rayonunda yaşayan 45 yaşlı Potter analığa 40 yaşından sonra addım atan X nəslinin qadınlarından biridir. Dünyada onların sayı gedərək artdığı vaxtda 20-30 yaşlarında ana olanların sayı azalır. Britaniyada 40 yaşdan sonra ana olanların sayı son 25 ildə iki dəfədən artıq artıb.

ABŞ-da da buna oxşar bir inkişaf gedir. 2017-ci ildə bütün doğuş nisbətləri son 30 ilin ən aşağı nöqtəsinə çatsa da, yaşı 40-dan yuxarı olan qadınların uşaq sahibi olmasında artım nəzərə çarpır.

İki nəsilə birdən baxmaq

40 yaşdan sonra uşaq sahibi olmağın yaratdığı imkanlar və problemlər var. 43 yaşlı Bhavna Thakur bir yaşlı qızıyla parka gedən zaman "ən yaşlı ana olmağın" nə məna verdiyini bilir.

Bombeydə bir investisiya şirkətində baş direktor olan Thakur 40 yaşında ana olmağın kariyerada irəli getmək baxımından yaxşı bir yaş olduğuna inanır.

Bhawna Thakur ana olduqdan sonra evdən daha rahat çalışdığını söyləyir.

"Kifayət qədər böyük olduğum üçün öz vaxtımdan necə istifadə edəcəyim barədə özüm qərar qəbul edə bilirəm. Daha gənc yaşda olsaydım harada nə etmək lazım olduğunu başqaları deyəcəkdi mənə. İndi isə mən evdən daha rahat işləyə bilirəm".

Thakur X nəslindən olmağın çətinliyini isə iki nəslə birdən baxmaqla yanaşı, karyeranı davam etdirmək kimi zərurətlər arasında tarazlıq yaratmaqda görür.

"Gec yaşda valideyn oduğumuz üçün öz valideynlərimiz də olduqca yaşlıdır, qulluğa ehtiyacları var... İndi həm anama, həm də qızıma baxıram".

Bu, 40 yaşında ana olanlar üçün başlıca bir problemdir. Yeni Zelandiya və Britaniyada bəzi şirkətlər iş-ev arasındakı tarazlığa kömək etmək üçün tam maaşla dörd gün çalışmaq tətbiqinə keçir. Bəziləri uğur qazansa da, bu tətbiq hələ ki istisna bir vəziyyətdədir.

Ana olduqdan sonra işə qayıtmaq barədə qərar qəbul edən zaman bir çox amil meydana çıxır. Maliyyə amili başda dayanır. İsveçdə uşağa qulluq üçün əhəmiyyətli dövlət yardımları verilir, Britaniya isə uşağa qulluğun ən bahalı olduğu ölkədir.

Potter maddi çətinliklərin yaşı 40-dan yuxarı olan qadınlar üçün daha ağır olduğunu, öz valideynləri də yaşlı olduğuna görə, onların köməyindən istifadə etməyin çox vaxt mümkün olmadığını söyləyir.

"20 yaşımda uşaq sahibi olsaydım bağça və uşağa qulluq xərclərimiz daha az olardı" deyir.