Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib


Digərləri 20 Noy 2018 18:04:00 260 0

Mənşəyi məlum olmayan 2,5 ton ət məhv edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantılar Poliqonunda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən mənşəyi məlum olmayan, insan orqanizmi üçün zərərli, istehlaka yararsız 2.5 ton heyvan cəmdəyi məhv edilib.

Agentlikdən Son.az-a verilən məlumata görə, malların məhvolma prosesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə yanaşı bir sıra media nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, bir müddət öncə AQTA və müvafiq qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ünvanında yerləşən satış məntəqələrində aşkar edilmiş ayrı-ayrı şəxslər tərəfindən müxtəlif regionlardan gətirilən mənşəyi məlum olmayan kəskin qoxulu 2.5 ton heyvan cəmdəyi aşkar edilmişdi. Bununla əlaqədar olaraq, hüquq mühafizə orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilmişdi. Məhsuldan götürülən nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlak üçün yararsız olduğu müəyyən edilmişdi.