Muğam Mərkəzində İdris Mehdiyevin yaradıcılığı xatırlandı


Kriminal 20 Noy 2018 14:22:00 246 0

Muğam Mərkəzində İdris Mehdiyevin yaradıcılığı xatırlandı

Beynəlxalq Muğam Mərkəzində görkəmli vokal ifaçısı İdris Mehdiyevin yaradıcılığı xatırlanıb.

Son.az bildirir ki, noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində əməkdar artist, vokal sənətinin görkəmli nümayəndəsi İdris Mehdiyevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçdi.

Beynəlxalq Muğam Mərkəzi və "Mədəniyyət" televiziya kanalının birgə layihəsi çərçivəsində təşkil edilən tədbirdə ölməz sənətkarın həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olundu.

Tədbirdə "Mədəniyyət" televiziya kanalının direktoru Ramil Qasımov, xalq artisti Ağa Cəbrayıl Abasəliyev, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova çıxış edərək ölməz sənətkarın ömür yolundan, zəngin yaradıcılığından danışdılar.

Bildirildi ki, görkəmli sənətkar öz bənzərsiz ifası  ilə musiqi mədəniyyəti tariximzdə özünə məxsus iz qoyub. O, musiqi sənətimizi respublikamızın müxtəlif  bölgələrində, xarici ölkələrdə qastrol səfərlərində ləyaqətlə təmsil etmiş, Radio və Televiziyanın estrada-simfonik orkestrinin müşayiəti ilə Fikrət Əmirov, Vasif Adıgözəlov, Rauf Hacıyev, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Zülfüqarov, Səid Rüstəmov, Cahangir Cahangirov, Əziz Əzizli, Qənbər Hüseynli kimi korifey sənətkarlarımızın əsərlərinin parlaq və təkraredilməz ifaçısı olmuşdu. 

Diqqətə çatdırıldı ki, ansambldakı xidmətlərinə görə İdris Mehdiyev 1978-ci ildə "Azərbaycan SSR-nın Əməkdar artisti" fəxri adına layiq görülmüşdü.