Orxan Məmmədov: "Sahibkarların təkliflərinə ehtiyac duyur və onların rəylərini gözləyirik"


Digərləri 20 Noy 2018 13:58:00 295 0

Orxan Məmmədov: "Sahibkarların təkliflərinə ehtiyac duyur və onların rəylərini gözləyirik"

"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarların və işgüzar dairələrin ictimai iştirakçılıq prosesinə fəal cəlb olunmasında maraqlıdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov kiçik və orta sahibkarlığın inkişafı üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Milli Məclisdə təşkil edilən ictimai müzakirələrdə deyib.

Agentliyin rəhbəri qeyd edib: "Bugünkü tədbirdə qanun yaradıcıları ilə vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsini sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının göstəricisi kimi yüksək qiymətləndiririk. Biz Agentlik olaraq, bu platformadan səmərəli istifadə etməklə sahibkarların və işgüzar dairələrin ictimai iştirakçılıq prosesinə fəal cəlb olunmasında maraqlıyıq. Xüsusilə, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesində sahibkarların təkliflərinə ehtiyac duyur və onların rəylərini gözləyirik".

O.Məmmədov vurğulayıb ki, kiçik və orta sahibkarlığın dayanıqlı inkişafı ölkəmizdə iqtisadi siyasətin tərkib elementi kimi hər zaman prioritet təşkil etməkdədir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılmasına, eləcə də kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılmasına xidmət edəcək. Məlum olduğu kimi, cari ilin 26 iyun tarixində Agentliyin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman kiçik və orta biznes sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq mühüm tapşırıqları əhatə edir. Belə ki, sözügedən fərmana əsasən Agentliyin nəzdində yaradılacaq "Kiçik və Orta Biznes Evləri", "Kiçik və Orta Biznesin İnkişafı Mərkəzləri", Kiçik və Orta Biznesin İnkişaf Fondları", "Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişaf Mərkəzi", eləcə də ölkəmizin bütün rayon və şəhərlərində Agenliyi təmsil edəcək nümayəndələrin - "Kiçik və orta biznesin dostları" şəbəkəsinin qurulması ilə bir sıra yeni və innovativ mexanizmlər tətbiq olunacaq. Təbii ki, əsas məqsədimiz sahibkar məmnunluğuna nail olmaq və fəaliyyətimizi şəffaflıq və operativlik prinsiplərinə uyğun həyata keçirməkdir".