Nyu Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib


Digərləri 20 Noy 2018 10:53:00 273 0

Nyu Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Nyu Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağında da iştirak edib.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Nyu Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağında da iştirak edib. Komitədən Trend-ə verilən məlumata görə, təsis yığıncağında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, BMT yanında daimi nümayəndə Yaşar Əliyev, 60-dan çox diaspor nümayəndəsi və rəhbəri iştirak edib. Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçıları salamlayaraq, xaricdə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərilməsinin Azərbaycan dövlətinin siyasətində prioritet olduğunu qeyd edib. Son dövrlər diaspor sahəsində görülən işlər barədə, soydaşlarımızın birgə fəaliyyəti haqqında razılaşmaların əldə edilməsi, koordinasiya şuraları və perspektivlər barədə məlumat verilib, iştirakçılara Dövlət Komitəsinin fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edənlər soydaşlarımız isə Amerikada yaşayan azərbaycanlıların problemlərindən danışıb, ana dili məktəblərinin sayının artırılmasının zəruriliyini qeyd ediblər, Amerikada yaşayan istedadlı gənclərimizə diqqətin artırılması istiqamətində təkliflər səsləndiriblər. Eyni zamanda, Amerikadakı soydaşlarımızın və diaspor təşkilatlarının fəaliyyətinin koordinasiyasının vacibliyi vurğulanıb. Toplantıda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib və Şuranın tam şəkildə fəaliyyətə başlaması üçün müvafiq işçi qrupu yaradılıb. Soydaşlarımızın fikir və təkliflərinin nəzərə alınacağını bildirən Dövlət Komitəsinin rəhbəri qarşıya qoyulan məsələlərin həll edilməsi üçün koordinasiyalı fəaliyyətin vacib olduğunu qeyd edib. Yalnız bir ölkədə, bir qitədə deyil, bütün dünyada soydaşlarımızın müəyyən bir şəbəkələşməsinin zəruri olduğunu bildirib.