Qarakənd faciəsindən 27 il ötür


Digərləri 20 Noy 2018 00:01:00 325 0

Qarakənd faciəsindən 27 il ötür

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin ermənilər tərəfindən vurulmasından 27 il ötür.

Bakı. Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin ermənilər tərəfindən vurulmasından 27 il ötür. Trend xəbər verir ki, Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. 1991-ci il noyabrın 7-də Bakıda Qarabağdakı vəziyyəti müzakirə etmək məqsədilə Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan nümayəndələrinin görüşü keçirilir. Nümayəndələr Xankəndiyə getməyə və hadisələri öz gözləri ilə görməyə razılaşırlar. 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vuraraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin, çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalı idi. Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. 1991-ci il noyabrın 19-u saat 19:05-də siyahı tərtib olunur. Siyahıya Viktor Polyaniçkonun başçılıq etməsi qüvvədə qalır. Ancaq 1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı təzələnir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil salınır. Tofiq İsmayılov tərtib olunmuş siyahıya rəhbərlik etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclası keçirilməli idi.