Yaxın 10 ildə əmək bazarında durum necə olacaq?


Digərləri 19 Noy 2018 23:42:00 322 0

Yaxın 10 ildə əmək bazarında durum necə olacaq?

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Prezident İlham Əliyevin təsdiq etdiyi "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nda əmək bazarına daxil olan 15-24 yaş arasında şəxslərin sayında azalma meylinin 2025-ci ilədək davam edəcəyi, ondan sonrakı beş ildə isə artacağı proqnozlaşdırılıb. Sənəddə qeyd edilir ki, BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq. Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək. Pensiya yaşına çatmış əhalinin sayının 2015-ci ildəkinə (841 min nəfər) nisbətən 2030-cu ilədək 2 dəfə artacağı proqnozlaşdırılır ki, bu da dövlətin sosial yükünü artıra, həmçinin yaşlı insanların sosial təminatında əlavə tədbirlərin həyata keçirilməsi zərurətini yarada bilər. Sənəddə bildirilir ki, 2017-ci ildə 15-64 yaş arasında əhalinin sayı 7 milyon nəfərdən artıq olub: "Proqnozlar 2025-ci ilədək bu rəqəmin demək olar ki, dəyişməyəcəyini, növbəti beş ildə isə 1,3 faiz artacağını göstərir. Əmək bazarına daxil olan 15-24 yaş arasında şəxslərin sayında azalma meyilinin 2025-ci ilədək davam edəcəyi, ondan sonrakı beş ildə isə artacağı proqnozlaşdırılır. 2017-ci ildə Azərbaycanda 15-24 yaş arasında şəxslərin sayı 1,5 milyon nəfərə yaxın olmuşdursa, 2025-ci ildə bunun hazırkı saydan 17 faiz az olacağı, sonrakı illərdə isə artaraq 2030-cu ildə 2015-ci ilin səviyyəsinə (1,6 milyon nəfər) çatacağı proqnozlaşdırılır".

Statistik göstəricilərə diqqət etsək, yaxın gələcəkdə gənc nəslin nümayəndələrinin sayının indikinə nisbətdə xeyli azalacağını söyləmək olar. Bəs görəsən demoqrafik göstəricilərin bu cür dəyişməsi ölkənin əmək bazarına necə təsir edəcək? Qeyd olunan proqnozlara uyğun olaraq hansı addımlar atılmalıdır?