Sabiq deputat "Nəsimi" bazarında


Digərləri 18 Noy 2018 22:48:00 243 0

Sabiq deputat "Nəsimi" bazarında

Gələn il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi respublika səviyyəsində qeyd ediləcək. Gələn il Bakının məşhur "Nəsimi bazarı" söküləcək.

Bu iki məlumatın xəbər lentində ard-arda yer almasının bir təsadüf olub-olmadığı bilmirik. Amma bilinən odur ki, gələn il gerçəkləşdiriləcək bu hadisələrdən biri Nəsiminin adını yaşadacaq, digəri isə bir məkandan Nəsimi adını ömürlük siləcək.

Birinci xəbərlə işimiz yoxdur, bizi daha çox ikinci hissə maraqlandırır. Yaşı 60-dan çox olan bu bazarın birdən-birə bağlanması zərurəti haradan yarandı?

Bu suala birinci cavabı xəbər yayılan kimi Nəsimi rayon icra başçısının müavini Qurban İsmayılov verib.

O bildirib ki, ərazidə olan həm yaşayış evləri, həm də bazar şəhərin memarlıq üslubuna uyğun gəlmir.

"Buna görə də yaşayış evlərinin bir çoxu sökülərək yerində çoxmərtəbəli binaların tikintisinə başlanılıb. Bazarın sökülməsi məsələsi ilə bağlı bazar rəhbərliyi ilə tikinti şirkəti arasında danışıqlar aparılır".

Son.az publika.az-a istinadən xəbər verir ki, bazarda fəaliyyət göstərən satıcıların aqibətinə gəldikdə isə, Qurban İsmayılov bildirib ki, bu məsələ bazar rəhbərliyi ilə tikinti şirkəti arasında tənzimlənəcək.

Bu açıqlamada bir məqam diqqət çəkir. Bazar görüntüyə uyğun deyilsə, o təmir edilə və fəaliyyəti davam etdirilə bilər.

Daha söküb bina tikmək niyə?

Üstəlik, dünyanın ən inkişaf etmiş ölkələrinin paytaxtlarında, böyük şəhərlərində bu cür bazarlar var. Məsələn, Parisdə "Saint-Ouen" bit bazarı, İstanbulda "Balıq bazarı", İngiltərədə "Borough Market" bazarları qədim olduqlarına görə turistlərin daha çox diqqətini cəlb edir. Xatırladım ki, bu bazarların 100-150 illik tarixləri var.

İndi biz 60 yaşlı bazar köhnədir deyə onu necə sökə bilərik?

Əsas səbəbi araşdırmaq üçün üz tutduq bazara. Bazardakı sakitlik və alıcı qıtlığını səhər saatları, eləcə də həftə içi olduğu ilə əlaqələndirsək də, məlum oldu ki, əsas səbəb sökülmə xəbərləridir. Alıcılar deyir ki, bu xəbərlər yayılandan alıcı üzünə həsrətdirlər.

60 il əvvəl bu bazara gəlib

1959-cu ildə ilk dəfə tələbə vaxtı rayondan bu bazara kartof satmaq üçün gələn 79 yaşlı Yunis adlı satıcı deyir ki, zavodda işdən çıxandan sonra yenidən satıcı kimi bazara üz tutub. Ömrünün son 20 ili bu bazarda keçib.

"İllərdir hamımız çörək pulumuzu burdan çıxarırıq. 50-60 nəfər burdan qazandığı pulla ailə saxlayır. Hər ailədə 5-6 nəfər olduğunu nəzərə alsaq, nə qədər adamın çörəyinin kəsiləcəyini təxmin edərsiniz. İndi birdən-birə xəbər yayılıb ki, bazar bağlanır. Amma bazar rəhbərliyi bizə heç bir xəbərdarlıq etməyib. Bu yaşımda gedib harada işləyə bilərəm? Əslində özümdən çox bu gəncləri düşünürəm. Mən pensiya ilə dolanmağa çalışacam, bəs bu cavanlar necə edəcək".

Yunis dayı ilə söhbətimizi görən satıcılar bir-bir başımıza toplaşır. Məlum olur ki, onlar söküntü ilə bağlı ancaq mediadan eşidiblər. Bazar rəhbərliyi isə onlara heç bir söküntünün olmayacağını deyib.

Satıcıların bəziləri bazarın Bakının müasir görüntüsünə uyğun olmaması fikrini qəbul etdiklərini deyir, amma onları bundan daha çox öz aqibətləri narahat edir: