Bir axşam vaxtı...


Digərləri 18 Noy 2018 21:10:00 278 0

Bir axşam vaxtı...

Gün batandan sonra müsəlmanlar vaxt namazlarını yerinə yetirmək üçün məscidə gəlmişdilər.

İmam məscidə gələn insanlara axşam namazını qıldırdı. Səsli oxunuşda axirətdən xəbər verən bəzi ayələri oxudu.

Son.az yeniavaz.az-a istinadən bildirir ki, oxunan ayələrdə elə mühüm bir həqiqətdən bəhs edildi ki, düşünürsən ki, bu ayənin xəbər verdiyi həmin səhnəni insan övladı başqa necə əldə edə bilər? Başqa hardan bu məlumatı tapmaq olar? Əlbəttə, ilahi mənbədən kənar heç kim bu xəbəri bizə verə bilməz. Ayədəki ifadələr axirətdə yaşanacaq bir səhnəni bizə təsvir edir: "Onlar orada fəryad edib deyəcəklər: "Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək... (Onlara belə deyiləcək: ) "Məgər orada (dünyada) sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə xəbərdar edici peyğəmbər də gəlmişdi..." (Fatir, 35/37).

Bu ayədə axirətdə insanların yenidən bu dünyaya geri dönmə arzularının olacağı, ancaq bu arzunun reallaşmayacağı xəbər verilir. Həmçinin bu ayə belə bir arzunun varlığından bizi agah edir. Buradakı məna elə şümullu, elə beynəlmiləldir ki, məscid divarlarını aşaraq hər kəsi öz əhatəsinə alır. Kim deyə bilər ki, onun belə bir istəyi olmayacaq! Ona ayədəki cavab verilməyəcək... Belə bir peşimançılıq yaşamamaq üçün nələr etmək lazımdır? Yer üzündə bu ayənin əhatəsindən kənarda qalan heç bir insan ola bilməz. Məscidə gələn və gəlməyən, yüz il əvvəl dünyasını dəyişən, indi yaşayan ya da hələ dünyaya gəlməyən hər kəs...

Belə təsəvvür edək ki, İslamdan xəbəri olmayan bir turist axşam namazının qılınmasını məscidə gələrək seyr edir. O hər şeyi "kənardan" izləyir. Onda müəyyən təəssüratlar oyansa da, oxunan ayələrdən heç nə başa düşmür. Heçnə anlamır. Ona görə: "Müsəlmanlar ibadətgaha ya da məbədlərinə gəliblər. Dini mərasimlərini icra edirlər. İmam nə isə oxuyur".

Burada bir sıra suallar ortaya çıxır... Bəs imam namazda nə oxudu? O ayələrdə nə deyilirdi? Oxunan o dua və ayələr yalnız məsciddəkilərə aid idi, yalnız onlara səslənirdi, yoxsa hər kəsə, bütün insanlara? Düzdür, kənardan baxan bir turistin gözü, onun müşahidəsi və onun təssüratları ilə axşam namazının qılınmasını xəyalən seyr edə bilərik. Görəsən onun gözündə mənzərə necə canlanır? Ancaq biz özümüz də həmin turistdən fərqlənmirik! Axı ayələri anlamaq və başa düşmək baxımından "kənardan" baxan bir turistlə aramızda elə bir fərq yoxdur!