Sərt yoxuş...


Digərləri 18 Noy 2018 20:10:00 239 0

Sərt yoxuş...

Yazının başlığında istifadə etdiyim bu ifadə həm də onlarca yol nişanından birinin adıdır. "Sərt yoxuş" nişanı yolun dağa, təpəyə, ümumiyyətlə, getdikcə yuxarı qalxan hissəsindən əvvəl qoyulur. Təhlükəli bir yoxuşun olması barədə sürücüləri əvvəlcədən xəbərdar edir. Bu nişan üzərindəki "12%", "15%" kimi rəqəmlər yoxuşun sərtlik dərəcəsini göstərir. Yəni 100 metr qabağa gedərkən 12 və ya 15 metr hündürə qalxmış olacaqsan. "Sərt yoxuş" və digər yol nişanlarını bilmək və bunlara əməl etmək bizi qəzalardan qoruyan amillərdir.

Son.az yeniavaz.az-a istinadən bildirir ki, maşınlar təpəni qalxarkən bəzən "qaynadır", yükü çox olduğuna görə təpəni çıxa bilmir, çətinlik çəkir. Daha çox güc sərf etmələri lazım olur. Bir sözlə, sərt yoxuşları çıxmaq elə də asan deyil. "Sərt yoxuş" yalnız yol nişanının adı deyil. Bu ifadə həmçinin "Bələd" surəsində xəbər verilən insanla cənnət arasındakı bir təpə, ya da yoxuşun adıdır. Bu yoxuş insanla cənnət arasındakı bir əngəldir. Bu əngəl dünyada ikən aşılır.

Quranda Məkkə müşriklərinin Peyğəmbərə düşmənlik yolunda pul xərcləmələri nəzərdə tutularaq belə dedikləri xəbər verilir: "Mən xeyli mal-dövlət sərf etmişəm!". Buna cavab mahiyyətində ayədə belə deyilir: "Lakin o, sərt yoxuşu keçə bilmədi" ("Bələd", 90/6-11). Ayədə bir mənada: "Malınızı Həzrət Peyğəmbərə (s.ə.s.) düşmənlik yolunda deyil, sərt yoxuşu aşmaq üçün xərcləyin" deyilir. Görəsən, insanlarla cənnət arasındakı "sərt yoxuş" nədən ibarətdir? Mahiyyəti nədir? Bu sərt yoxuşu aşmaq üçün insanlar nə etməlidirlər?

"Sərt yoxuş"un nə olduğu ayədə belə açıqlanır: O bir kölə azad etməkdir. Yaxud aclıq zamanı qohumluq əlaqəsi çatan bir yetimə və ya taqətsizlikdən torpağa sərilmiş bir miskinə yemək verməkdir. Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! (Bələd, 90/13-17)

Ayələrdən görürük ki, burada bir məcaz və metaforadan istifadə edilib. Nəfsə ağır gələrək edilən gözəl əməllər, mal xərcləmə aşılması çətin olan dağ və təpəyə, "sərt yoxuşa" bənzədilib. İmanın qorunması, imanın meyvəsi olan saleh əməllərin işlənməsi bir möminin aşması lazım olan "sərt yoxuş"dur.

Ayədə həm də xəbərdarlıq var. Yəni, o şəxslər nə üçün mallarını kölələrin azadlığa qovuşması yolunda, ac insanlara yemək yedirmək yolunda xərcləmədi! Belə etsəydilər "sərt yoxuşu" aşacaqdılar. Bu onların mallarını Muhammədə (s.ə.s.) düşmənlik yolunda xərcləmələrindən daha yaxşı idi.

Bu ayənin nazil olduğu Məkkə dövründə Allah yolunda aşılması gərəkən "sərt yoxuş" kölə azad etmək idi. Buna ehtiyac var idi. Boyunduruq altında işlədilən, kölə mövqeyində olan Həzərt Bilal, Ammar ibn Yasir, Habbab ibn Ərət və s. kimi müsəlmanlara işkəncə və əziyyətlər verilirdi. Həm də zəngin bir tacir olan Həzrət Əbu Bəkr bu əziyyəti çəkən, işkəncə görən kölə mövqeyindəki müsəlmanları sahiblərinə böyük miqdarda pullar verərək azaldığına qovuşdururdu. Bununla da ayədə xəbər verilən o "sərt yoxuş"u aşmağa çalışırdı.

İnsan ağır yükləri kürəyindəki zənbilə dolduraraq bir dağa, təpəyə, ya da sərt yoxuşa çıxa bilməz. Gərək yük xəfif olsun ki, dağa, təpəyə çıxmaq asanlaşsın. Ayədə də çox gözəl bir məcazdan istifadə edilib. Paylaşmaq, yardım etmək, kölə azad etmək, yetimə, kasıba əl tutmaq, onları yedirmək, doyurmaq insanı mənən yüngül və xəfif edir. Yüngül və xəfif insan da sərt yoxuş və təpəni daha rahat çıxır.