Türkiyə Ermənistan TIRlarına qapıları açıb...


Dünya 18 Noy 2018 18:56:00 240 0

Türkiyə Ermənistan TIRlarına qapıları açıb...

Türkiyədə fəaliyyət göstərən əsassız erməni iddiaları ilə mübarizə dərnəyi ASİMDER-in başqanı Göksel Gülbey Ankaranın Ermənistan TIR-ları üçün qapıları açdığını bildirib.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, Göksül Gülbey ildə 400 Ermənistan TIR-larına Trabzon limanı üzərindən yükdaşıma icazəsi verildiyini açıqlayıb.

Onun bildirdiyinə görə, həmin icazəni Türkiyənin Tiflisdəki səfirliyi verib. Ermənistan TIR-ları indiyə qədər yükləri daşımaq üçün Gürcüstanın Poti limanından istifadə edirdi. Lakin Gülbey deyir ki, Trabzon limanından istifadə etmək erməni TIR sürücülərinə 600 dollar daha ucuz başa gəlir.

Onun bildirdiyinə görə 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan-Türkiyə sərhədindən keçən Ermənistan TIR-ları üçün kvota tətbiq edilmişdi. Lakin son vaxtlar Ermənistanın yükdaşıma şirkətləri Poti limanına nisbətən 600 dollar ucuz olduğuna görə Trabzon limanından istifadə etməyə başlayıblar. Türkiyə qanunlarına görə Ermənistan şoferləri bu ölkəyə turist kimi daxil ola bilməz və ancaq iş icazəsi almaqla girə bilər. Bu problemi həll etmək üçün əvvəlcə Ukrayna tərəfi vasitəçilik edib. Sonra isə Gürcüstandakı Türkiyə səfirliyi erməni TIR sürücülərinə çalışma icazəsini təsdiq edən sənədlər verir.

"Ermənistanla Türkiyə arasında hər gün Yerevan-İstanbul reysi ilə bir dəfə təyyarə uçur. Gürcüstan və İran üzərindən ölkəmizə minlərlə Ermənistan vətəndaşı əl-qolunu sallayaraq daxil olur, 70 mindən çox erməni Türkiyədə qeyri-leqal işləməkdədir. Avtobus firmaları hər gün iki ölkə arasında turizm səfərləri təşkil edir. İndi isə Gürcüstandakı səfirliyimiz tərəfindən diplomatik embarqo dəlinib. ASİMDER olaraq bütün səlahiyyətlilərə sual edirik: bu necə embarqodur?"-Göksel Gülbey bildirib.