Diri toyuq satışının qadağan edilməsi mümkün olacaqmı?


Digərləri 18 Noy 2018 17:13:00 303 0

Diri toyuq satışının qadağan edilməsi mümkün olacaqmı?

Bir müddət əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşü keçirilib. Görüş zamanı birgə bəyanat verilib.

Və qeyd edilib ki, Agentlik tərəfindən müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində diri quşların nəqli və açıq satışının məhdudlaşdırılması, mövcud normativlərə əsasən nəmlik dərəcəsi və digər keyfiyyət göstəriciləri standartlara uyğun olmayan quş ətinin və yumurtanın idxalı və satışı məhdudlaşdırılacaq. Həmçinin tullantıların idarə edilməsi və zərərsizləşdirilməsi qaydalarına əməl etməyən quşçuluq təsərrüfatlarının fəaliyyətləri məhdudlaşdırılacaq. Ölkəyə idxal olunan quşçuluq məhsulları üzərində effektiv risk əsaslı nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçiriləcək.

Bu bəyanat da sahibkarlar tərəfindən birmənalı qarşılanmayıb. 

Son.az bildirir ki, Sputnik Azərbaycan-a müraciət edən İbad Əliyevin sözlərinə görə, kənd yerlərində kiçik təsərrüfatla məşğul olan sahibkarlar çoxdur. Və onlar qazancını ancaq diri toyuqların satışından əldə edirlər: "Bizim kimi onlarla sahibkar var ki, 50-60 cücə saxlayır, bəsləyib satır, ailəsini dolandırır. Əgər diri toyuq satışına qadağa qoyulsa, bizim "çörək qapımız" bağlanacaq". 

"Bir də bilirsiniz ki, vətəndaşların çoxu məhsulun gözü qarşısında kəsilməsini arzulayır. Bunu "halal kəsim" kimi qəbul edirlər. Əgər qeyd edildiyi kimi qadağa qoyulsa, bilmirik nə edəcəyik" - deyə sahibkar narahatlığını dilə gətirib.