Ekspert: "Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir"


Digərləri 18 Noy 2018 15:14:00 282 0

Ekspert: "Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir"

"Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir".

Son.az Trend-ə istinadən bildirir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib.

Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: "Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır".