Çaylarda suyun səviyyəsi dəyişib


Digərləri 18 Noy 2018 09:28:00 238 0

Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-100, Kiçik Qafqazın çaylarında 40-140, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 300 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 173 m3/s olmaqla ongünlük normanın 98 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 170 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 84,5 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 42 m3/s təşkil edərək ongünlük normanın 42 faizinə bərabər olub.