WhatsAppda yayılan şayiələrə görə yandırılıb öldürülənlər FOTO


Digərləri 17 Noy 2018 19:48:00 238 0

WhatsAppda yayılan şayiələrə görə yandırılıb öldürülənlər  FOTO

Meksikanın kiçik bir şəhərində WhatsApp vasitəsilə uşaq oğrularına dair saxta şayiələrin yayılması nəticəsində iki kişi kütlə tərəfindən yandırılaraq öldürülüblər.

Avqustun 29-da, günortadan sonra Maura Cordero, Meksikanın mərkəzindəki Puebla ştatının Akatlan adlı kiçik şəhərində yaxınlıqdakı polis idarəsinin qarşısında onlarla adamın toplaşdığını görür. Kütlə artmaqda davam edirdi.

Bir azdan kütlənin sayı 100 nəfəri keçəcəkdi. Adi günlərdə Akatlanda bu qədər adamın toplaşmasını Cordero xatırlamırdı.

Bu zaman polis maşınında kiçik ölçülü həbsxanaya iki kişi gətirildi. Maşının arxasınca daha da çoxsaylı olan kütlə də gəlmişdi.

Kütlənin içindən həmin iki kişinin uşaq oğrusu olmamalarını iddia edən qışqırıqlar eşidilirdi.

Polis idarəsinə dar dəmir darvazanın arxasından polis əməkdaşları təkrar-təkrar bildirirdilər ki, bu kişilər uşaq oğrusu deyillər, xırda pozuntu törədənlərdir.

Polis bölməsinə gətirilənlər Akatlan yaxınlığında böyümüş və sonra hüquq təhsili almaq üçün 250 km aralıda yerləşən Xalapaya köçmüş 21 yaşlı Ricardo Flores və onun əmisi, Akatlan yaxınlığında onillərlə yaşayan 43 yaşlı fermer Alberto Flores idi.

Ricardo bu yaxınlarda qohumlarını görmək üçün Akatlana gəlmişdi.

Qohumlarının xahişilə o, əmisi ilə su quyusunda aparılan işləri bitirmək üçün şəhər mərkəzinə inşa materialları almaq üçün yollanmışdı.

Polisin bildirdiyinə görə, bu iki adamın cinayət törətdiyinə dair heç bir fakt yoxdur, onlar polis bölməsinə, "asayişin pozulması" vəziyyəti yarandığına görə gətiriliblər.

Lakin küçədəki insanlar arasında başqa versiya dolaşıb WhatsApp-la yayılırdı.

"Ayıq-sayıq olun, ölkəyə uşaq oğruları gəlib", - bir telefon cihazından o birisinə mesajlar göndərilib.

"Belə görünür ki, kriminallar daxili orqan traffikinqi ilə məşğuldurlar... son bir neçə gün ərzində 4, 8 və 14 yaşında uşaqlar yoxa çıxıb, onlardan bəziləri ölmüş halda, daxili orqanlarının götürüldüyü əlamətlərilə tapılıblar. Onlar, qarınları kəsilmiş və içərisi boşaldılmış halda aşkar olunublar."

Ricardo və Alberto-nun məktəb yaxınlığında görünməsi kütlənin gözündə onları uşaq oğrularına çevirib və onların həbsi barədə xəbər uşaq oğruları ilə bağlı şayiələrin yayıldığı kimi yayılıb.

Polis bölməsinin önünə axışan kütlə uzun illər Akatlanda yaşayan və "El Tecuanito" kimi tanınan Francisco Martinez tərəfindən qızışdırılırdı.

Polisin bildirdiyinə görə, Martinez Facebook və Whatsapp-da şayiələr yayıb Ricardo ilə Alberto-nu ittiham edənlər arasında olub.

Polis bölməsinin önündə isə o telefonundan facebook-da canlı yayım edib.

"Akatlan de Osorio camaatı, gəlin dəstək verin, dəstək verin, - o, kameraya deyib. - İnanın mənə, uşaq oğruları buradadır".

Martinez insanları toplaşmağa çağırarkən, Manuel adlı digər bir şəxs polis bölməsinin qonşuluğunda yerləşən meriya binasının damına qalxaraq oradakı zəngləri çalıb camaatı xəbərdar edirdi ki, polis saxlanmış iki nəfəri, Ricardo və Alberto-nu buraxmağa hazırlaşır.

Petronilo Castelan, "El Paisa" ləqəbli daha bir kişi isə, meqafon vasitəsilə insanlara müraciət edib benzinə pul toplayırdı.

Akatlanda Ricardo və Alberto Flores yandırılan yerin yaxınlığında həyat davam edir.

Maura Cordero öz dükanında bayırdan gələn səslər eşidir: kimsə qaçmağa çağırır, çünki kütlə kişiləri yandırmağa hazırlaşır.

Kütlə polis bölməsinin darvazasını qırıb açır və Ricardo ilə Alberto Flores-i bayıra çıxarır.

İnsanlar telefonlarını çəkiliş üçün hazır vəziyyətdə saxlayır, bu zaman isə həmin iki kişini yerə yıxıb döyürlər.

Sonra onlarım üstünə benzin tökürlər.

Şahidlər hesab edir ki, Ricardo artıq o anda zərbələrdən keçinmişdi, lakin onun əmisi Alberto hələ sağ idi.

Videoda görünür ki, onun ətrafını alov bürüyən anlarda Alberto-nun ayaqları hələ də tərpənir.

Onların qaralmış cəsədləri yandırıldıqdan sonra hələ iki saat yerdə qaldı.

Puebla Sitidən Akatlana dövlət prokuroru gələrkən havada benzin qoxusu hələ də hiss olunurdu.

Cəsədlərin tanınması üçün Ricardo-nun nənəsi - Petra Elia Garcia-ya zəng edildi ki, hadisə yerinə gəlsin.

O deyir ki, Albertonun yanaqlarında göz yaşları hələ qurumamışdı.

Akatlan şəhərində baş vermiş faciə barədə heç kim danışmaq istəmir.

Ricardo körpə yaşlarında anası Marianın qucağında Akatlandakı evlərində

Ricardo-nun anası Maria üçün avqustun 29-da aldığı Facebook mesajları dəhşətli yuxu kimi gəlirdi.


Xəbərə aid fotolar