Gömrükdə sıxlığın yaranmaması üçün yeni sistem tətbiq ediləcək FOTO


Digərləri 17 Noy 2018 16:40:00 300 0

Gömrükdə sıxlığın yaranmaması üçün yeni sistem tətbiq ediləcək  FOTO

Dövlət Gömrük Komitəsi dövlət sərhədini keçən şəxslər üçün xüsusi maarifləndirici bukletlər hazırlayıb. Bukletlərdə ölkəyə idxal olunan mallar barədə ətraflı məlumat verilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna səfəri zamanı deyib.

A.Abasov onu da bildirib ki, bu bukletlər üçün xüsusi dolablar hazırlanır və burada həm Dövlət Gömrük Komitəsinin, həm də digər dövlət qurumlarının müvafiq məlumatlandırıcı sənədləri yerləşdiriləcək. Hazırda layihə pilot mərhələsindədir və tezliklə icra ediləcək.

İdarənin rəis müavini bir müddətdir "bir pəncərə" sistemi çərçivəsində həyata keçirilən "bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsi barədə də məlumat verib və bildirib ki, bu məqsədlə gömrük əməkdaşlarına xüsusi kurs keçirilib və proses yekunlaşdırılır:

"Layihəyə əsasən, bir nəqliyyat vasitəsinə aid olan bütün prosedur bir inspektor tərəfindən həyata keçirilir və proses ümumilikdə 10-15 dəqiqəyə başa çatdırılır. Əvvəl isə 1 nəqliyyat vasitəsinin qeydiyyat proseduruna 4 və daha çox gömrük əməkdaşı cəlb olunurdu. Üstəlik, yeni layihə çərçivəsində qeydiyyat prosedurunun başa çatması sürücünün elektron imzası ilə təsdiqlənir".

Qeyd edək ki, səfərdə məqsəd media nümayəndələrinə gömrük prosedurlarını, sərhədkeçmə prosesini, gömrük nəzarətini əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə bilgiləndirmək olub.