"Ermənistanda Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən tanına biləcəyi illüziyası yaranıb"


Siyasət 17 Noy 2018 14:52:08 296 0

"Ermənistanda Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən tanına biləcəyi illüziyası yaranıb"

Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyət Ermənistanda bu regionun nə vaxtsa beynəlxalq ictimaiyyət tərəfindən tanına biləcəyi illüziyası yaradır.

Son.az bildirir ki, bunu Trend-ə Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Bakıda keçirilən "İşğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər və üçüncü tərəflərin məsuliyyəti" mövzusunda beynəlxalq konfrans çərçivəsində deyib.

Onun sözlərinə görə, konfransda çıxış edənlər Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətin bütün sahələrinə toxundular:

"Ermənistan tərəfinin qanunsuz fəaliyyəti Azərbaycan iqtisadiyyatına, ekologiyasına, işğal olunmuş ərazilərdə su təsərrüfatına ciddi ziyan vurur".

F.Məmmədov qeyd edib ki, Strateji Araşdırmalar Mərkəzi bütün bu məsələlərlə bağlı hesabatlar hazırlamağı planlaşdırır.

O vurğulayıb ki, Azərbaycan həmin prosesləri fəal şəkildə izləyir və bununla bağlı konkret addımlar atır. Bu addımlar arasında işğal olunmuş ərazilərimizə səfər etmiş şəxslərin "qara siyahı"ya salınması da var. Bundan başqa, həmin ərazilərdə meşələrin qırılması ilə bağlı, qızıl, mis və digər faydalı qazıntıların hasilatı ilə məşğul olan şirkətlər barəsində bir sıra cinayət işləri açılıb:

"Bunlardan əlavə, insan amili ilə, xüsusilə etnik təmizləməyə məruz qalmış və doğma yurdlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərlə bağlı məsələləri qaldırmaq lazımdır. Biz Dağlıq Qarabağın Azərbaycanın tərkibində mümkün muxtariyyəti barədə kitabın layihəsini hazırlayırıq. Bu kitabda etnik azlıqların dinc birgəyaşayışı ilə bağlı 15-dək nümunə gətirmişik, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dinc birgəyaşayışı üçün zəruri olan mexanizmləri işləmişik".