Güclü fırıldaqçı virus yenidən yayılmağa başlayıb


Digərləri 17 Noy 2018 08:25:00 251 0

Güclü fırıldaqçı virus yenidən yayılmağa başlayıb

Ötən il dünya kompüterlərinə hücum edən güclü "WannaCry" fırıldaqçı proqram təminatı ən geniş yayılmış fırıldaqçı virus olub. Bu barədə "Kasperski laboratoriyası" şirkətinin hesabatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, analitiklərin hesablamalarına görə, son aylar ərzində "WannaCry" şirkət müştərilərinin kompüterlərinə hücumların sayına görə birinci yeri tutur. Virus vasitəsilə həyata keçirilən hücumların payı ümumi sayın təxminən 29 faizini təşkil edir.

Yayılmasına görə ikinci yerdə "GandCrab" troyanının yeni versiyaları qərarlaşıb. Fırıldaqçı proqram kompüterlərin 12 faizinə hücum edib.

Lider viruslar sırasına, həmçinin məşhur "Crysis", "Shade", "PolyRansom" və "Cryakl" şifrləyici proqramları daxildir. Sonuncu virus reytinqin üçüncü pilləsində qərarlaşıb. Onun vasitəsilə hücumların təqribən 9 faizi həyata keçirilib.

"WannaCry" kompüter virusunun sonuncu səs-küylü hücumu "Boeing" təyyarəqayırma şirkətinə qarşı edilib. Zərərli proqram təminatının yeni versiyası təşkilatın bir sıra sistemlərinə ziyan vurub.

"WannaCry" virusunun ən məşhur hücumu isə 2017-ci ilin mayında baş verib. Naməlum cinayətkarlar dünya kompüterlərinin informasiyasını bloklayaraq pul tələb ediblər. Virusun yayılmasının qarşısını 1 gün sonra almaq mümkün olub. O zaman kiberhücum nəticəsində dəyən ziyan 1 milyard dollar məbləğində qiymətləndirilib. Ekspertlər əmindir ki, virus Şimali Koreya hökumətinə aid "Lazarus" qruplaşması tərəfindən yaradılıb.