Bərbad taksi xidmətləri:


Digərləri 16 Noy 2018 20:52:00 255 0

Bərbad taksi xidmətləri:

"Odur, bax, taksi, min, get!"

Bu məşhur ifadə "Əhməd haradadır" filmində rəhmətlik Əliağa Ağayevin kiçik fraqmentdə yaratdığı tarixi səhnədir. O vaxt Azərbaycanda və xüsusən Bakı küçələrində taksi xidməti göstərən maşınlara çox rast gəlinməsə də, bu gün taksilərin göbələk kimi sürətlə artdığı müşahidə olunur. Ancaq keyfiyyət olduqca aşağı, hətta bərbaddır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, sərnişin şikayətinin çox olduğu, narazılıq yaradan, sosial şəbəkələrdə tez-tez adı pis şəkildə hallanan taksi şirkətləri az deyil.

Benzin iyi verən taksi xidməti göstərən maşınlar

Şikayətlərin qısa şəkildə leytomitivini çatdıraq ki, adıçəkilən taksi firmaları əvvəlcə qiymətdə spekulyasiya edirlər. Bundan başqa, qeyd edilən ünvana gəlməmək, gəlib geri qayıtmaq, sərnişindən əlavə pul tələb etmək kimi hallar da müşahidə edilir. Buna natəmiz, bir çox hallarda isə benzin iyi gələn avtomobillərlə xidmət göstərmək də daxildir.

Bu kimi hallada əsasən sərnişinlər taksi şirkətinin müştəri xidmətlərinə müraciət edərək, şikayətlərini bildirirlər. Lakin göz qabağındadır ki, şirkətin özünə edilən şikayətlər nəticə vermir.

Pərakəndə formada xidmət göstərən taksi xidmətləri

Məsələni şərh edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda taksi fəaliyyəti ilə bağlı vahid standart, qayda tətbiq edilməyib:

"Bu sahə bir qədər pərakəndə formada formalaşıb. Bu da həm cəmiyyət üçün, həm də şirkətlərin özü üçün faydalı deyil. Bu baxımdan düşünürəm ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər üçün vahid standart tətbiq edilməlidir.

Bakıda və bölgələrdə də Naxçıvan modeli tətbiq olunsa, yaxşı olar. Məsələn, Naxçıvanda olduqca ucuz, konfortlu taksi xidmətləri fəaliyyət göstərir ki, sürücülər olduqca səliqəli və mədənidir. Naxçıvandakı taksi şirkəti modeli brendə çevrilib və bunu bütün ölkədə tətbiq etmək olar.

Son günlər Bakıdakı taksi şirkətlərinin sürücüləri ilə bağlı həddən artıq şikayətlər olur. Xüsusilə də maşından benzin iyi gəlməsi, sürücünün geyimi, sükan arxasında siqaret çəkməsi, ünvana gəlməkdən imtina etmək, bir çox hallarda kobud rəftarla bağlı narazılıqlar eşidirik. Təkcə bu şikayətlər kifayət edir ki, artıq ciddi addımlar atılsın bu istiqamətdə".