AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar


Digərləri 16 Noy 2018 18:32:00 348 0

AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar

Pakistanın "Dispatch News Desk" (DND) xəbər agentliyi AZƏRTAC ilə informasiya mübadiləsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

Son.az xəbər verir ki, iki media qurumu arasında əlaqələr yaradılması noyabrın 16-da AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun DND xəbər agentliyinin baş redaktoru Ağa İqrar Harun ilə görüşdə müzakirə olunub.

Azərbaycan ilə Pakistanı sıx dostluq və qardaşlıq münasibətləri birləşdirdiyini deyən Aslan Aslanov bütün sahələrdə olduğu kimi KİV-lər arasında da əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu bildirib. Qeyd olunub ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlət kimi Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt edilməsini daim pisləyir, bu işğalçı ölkəni beynəlxalq səviyyədə tanımır. "Regionun nüfuzlu ölkələrindən olan Pakistanın media qurumları ilə informasiya mübadiləsinin genişləndirilməsini zəruri hesab edirik. Bu, iki ölkənin və xalqlarımızın daha da yaxınlaşmasında, cəmiyyətlərimizdə məlumatlılığın artırılmasında mühüm əhəmiyyət kəsb edir", - deyə İdarə Heyətinin sədri qeyd edib. Vurğulanıb ki, DND agentliyi ilə ikitərəfli əməkdaşlıq qarşılıqlı xəbər yayımının gücləndirilməsi istiqamətində müsbət addım olacaq.